Türkiyədə tibbi arayışların verilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib.
İnterpress.az xəbər verir ki, bu barədə “Rəsmi Qəzet” (Resmi Gazete) məlumat yayıb.
Türkiyədə tibbi arayışların rəsmiləşdirilməsi prosesində ciddi dəyişikliklər edilib.
Yeni qaydalara əsasən, kağız daşıyıcılı müraciətlər ləğv edilir və bütün proseslər rəqəmsal formata keçirilir.
Dəyişikliklərə əsasən, vətəndaşlar idmanla məşğul olmaq və lisenziya tələb etməyən sosial fəaliyyətlərdə iştirak etmək üçün sağlamlıq arayışını “e-Nabız” sistemi vasitəsilə özləri yarada biləcəklər.
Bundan əlavə, işçi sayı 50-dən az olan və aşağı risk qrupuna aid müəssisələrə işə qəbul zamanı tələb olunan tibbi arayışları bütün dövlət həkimləri verə biləcək.
Əlilliyi olan və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün isə tibbi arayışların müddətinin uzadılması məsələsi məsafədən (distans) tibbi xidmətlər sistemi vasitəsilə həyata keçiriləcək.
Yeni qaydaların tətbiqi bürokratik maneələrin aradan qaldırılmasına və səhiyyə xidmətlərinə çıxışın sürətləndirilməsinə xidmət edir.
Xuraman Etibarlı
İnterpress.az






