Müharibənin başlamasından indiyədək 2,5 milyondan çox ukraynalı ölkəsini tərk edib.
İnterpress.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) komissarı Filippo Qrandi bildirib.
Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra Avropada ən sürətli qaçqın böhranı Ukraynada yaşanır.
Birləşmiş Millətlər Təşkilatının qaçqınlarla bağlı son hesablamalarına görə, ölkənin mərkəzi və şərq bölgələrində yaşayan bir çox sakinlər Ukraynanın qərbinə və cəbhə xəttindən uzaq yerlərə köçsələr də, fevralın 24-də Rusiyanın işğalından sonra 2,5 milyondan çox ukraynalı tamamilə ölkəni tərk edib.
Ukraynadan qaçanların əksəriyyəti qadın və uşaqlardır. Ukrayna hökuməti hərbi vəziyyət tətbiq etdikdən sonra 18-60 yaş arası kişilərin ölkəni tərk etməsi qadağan olunub. BMT QAK-ın məlumatlarına əsasən, ötən həftənin cümə günü ərazisinə 1,6 milyondan çox ukraynalının keçdiyi Polşa indiyədək ən çox qaçqını qəbul edib.
Ukraynanın birbaşa qərbində və cənubunda yerləşən xalqlar da çoxlu sayda qaçqını qəbul edib. BMT QAK-ın cümə günü açıqladığı statistikaya əsasən, müharibədən sonra 245 mindən çox ukraynalı Macarıstana daxil olub, 195 mindən çox insan isə Slovakiyaya qaçıb. Moldovaya 328 mindən çox qaçqın gəlib.
Bundan əlavə, 173 mindən çox insan qonşu Rumıniyaya sığınıb. Almaniya, Avstriya, Xorvatiya, Estoniya, Yunanıstan, İrlandiya, İtaliya, Litva, Niderland, Portuqaliya və İsveç də daxil olmaqla Avropa ölkələrinin hər biri minlərlə ukraynalıya qucaq açıb.