Fevralın 24-dən etibarən Rusiyanın Ukraynaya qarşı keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlara münasibət bildirənlərdən biri də Hollivud ulduzu və BMT-nin xoşməramlı səfiri Ancelina Colidir.
İnterpress.az xəbər verir ki, aktrisa bununla bağlı instaqram hesabında paylaşım edib. O, müharibənin fəsadlarından əzziyyət çəkən Ukrayna xalqı üçün dua etdiyini vurğulayıb:
“Bir çoxlarınız kimi mən də Ukraynadakı insanlar üçün dua edirəm. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsindəki həmkarlarım və mən bütün diqqətimizi regionda qaçqınların müdafiəsi və ən əsası insan hüquqlarının təmin edilməsi üçün mümkün olan hər şeyi etməyə yönəlmişik.
Biz artıq qurbanların və təhlükəsiz yerlər axtarmaq üçün evlərini tərk etməyə başlayan insanların xəbərlərini görmüşük. Nə baş verə biləcəyini söyləmək hələ tezdir, lakin bu anın əhəmiyyətini – Ukrayna xalqı və beynəlxalq hüququn aliliyi üçün – çox qiymətləndirmək olmaz”.
Qeyd edək ki, Rusiya və Ukraynanın bir çox tanınmış siması da ölkələri arasında baş verən müharibəni qınayıblar.