Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən cari ilin 3 noyabr tarixində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyevin apardığı hüquqi islahatlar və onların əhəmiyyəti” mövzusunda elmi-praktiki konfrans keçirilib.
İnterpress.az xəbər verir ki, tədbirdə HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov çıxış edib.
“Ölkəmizin bütün istiqamətlərdə, eləcə də hüquqi dövlət quruculuğu istiqamətində inkişaf strategiyasının təməlini qoyan Ümummilli Lider həmin prosesin əsas tərkib hissəsi kimi hüquq sahəsində geniş islahatların əsasını qoydu. Müstəqilliyini yeni bərpa etmiş bir dövlət üçün hüquqi islahatların aparılması nə qədər vacib idisə, həmin islahatları şərtləndirən, onların təməl prinsiplərini özündə əks etdirən və ümumilikdə, islahat prosesinin gələcək yol xəritəsini müəyyənləşdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbulu da bir o qədər vacib idi. Bütün çətinliklərə və maneələrə baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycanın tarixində ilk Konstitusiyanın qəbul edilməsi kimi çox mürəkkəb və əhəmiyyətli prosesi uğurla başa çatdırdı” – bu fikirləri tədbirin açılış nitqində HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov səsləndirib.
O, eyni zamanda Ulu Öndərin insan hüquqlarının təmin edilməsi, müdafiəsinin gücləndirilməsi və digər sahələrdə həyata keçirdiyi islahatların əhəmiyyətindən danışıb.
Eyni zamanda Samir Mahmudov Hüquqi İslahat Komissiyasının yaradılması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, milli qanunvericilik bazasının formalaşdırılması, habelə məhkəmə sisteminin və müstəqil vəkillik təsisatının təkmilləşdirilməsi sahəsində Heydər Əliyevin apardığı islahatların bu gün dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla və sistemli şəkildə davam etdirildiyini vurğulayıb.
Daha sonra HEQT Mərkəzinin tabeliyində olan Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə Azərbaycanın ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsinin ölkəmiz üçün vacib və əhəmiyyətli olduğunu bildirib. Həmçinin, qeyd edib ki, bu Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə insan hüquq və azadlıqlarına dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi məqsədilə “İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu”nun (indiki Hüquq və İnsan Haqları İnstitutu) yaradılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Eyni zamanda Üzeyir Məmmədov cari ilin may ayından Hüquq və İnsan Haqları İnstitutunun rəsmi saytında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Hüquq və insan haqları virtual kitabxanası”nın fəaliyyətini də diqqətə çatdırıb.
Bundan başqa Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Müqalib Mahmudov, Bakı Dövlət Universitetinin kafedra müdirləri, h.e.d., professorlar Əmir Əliyev və Alış Qasımov, İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli və HEQT Mərkəzinin baş mütəxəssisi Könül Bədəlova çıxış ediblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Baş Prokurorluğun, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının, Daxili İşlər Nazirliyinin və Polis Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, həmçinin bir sıra dövlət qurumlarının və media subyektlərinin nümayəndələri iştirak ediblər.