“WhatsApp”da silinmiş mesajları geri qaytarmağa imkan verən yeni funksiya təqdim edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, “WhatsApp”da göndərilən mesajlar iki fərqli üsulla silinir. Onlardan biri mesajın söhbətdəki bütün kontaktlardan silinə biləcəyi “hamı üçün sil”; digəri isə “özüm üçün sil” funksiyasıdır ki, burada mesaj yalnız onu göndərən şəxsin ekranından silinə bilər.
Bununla belə, əgər istifadəçilər təsadüfən mesajı “özüm üçün sil” funksiyası ilə siliblərsə, mesajın söhbətdəki digər insanlardan da silinməsini təmin etmək mümkün deyildi.
Artıq yeni funksiya ilə bunu təmin etmək mümkün olur.
Belə ki, yeni funksiya ilə “özüm üçün sil” xüsusiyyəti ilə mesajı sildiyiniz zaman beş saniyə ərzində ekranda “geri al” seçimi görünəcək.
Bu düyməyə basıldıqda, geri qaytarılan mesaj, istəsəniz, daha sonra “hamı üçün” də silinə bilər.
Bununla belə, əgər mesaj “hamı üçün sil” funksiyası ilə silinibsə, həmin mesajı bərpa etmək mümkün deyil.