“Yalan məlumatları işdən çıxan əməkdaşlar yayıb” – Heyvanların saxlanma mərkəzindən FOTOREPORTAJ + VİDEObackend

“Yalan məlumatları işdən çıxan əməkdaşlar yayıb” – Heyvanların saxlanma mərkəzindən FOTOREPORTAJ + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Zooloji Parkı 2019-cu il fevral ayının 2-dən etibarən təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar olaraq ziyarətçilərinin üzünə bağlanılıb.

Həmin müddət ərzində heyvanlar müvəqqəti olaraq Qaradağ rayonuna köçürülüb.
Sosial şəbəkələrdə isə heyvanların yemlə təmin olunmaması barədə məlumatlar yayılıb.

Oxu.Az-ın əməkdaşları heyvanların Qaradağ rayonunda müvəqqəti olaraq saxlanıldığı yerə baş çəkiblər.

Bakı Zooloji Parkın icraçı direktoru Nəzakət İsayeva bildirib ki, ərazidə heyvanları müvəqqəti yerləşdirmək üçün saxlama yerləri tikilib:

“Yerlərin tikilməsində köhnə zooparkdakı qəfəslərdən istifadə olunub. Çünki heyvanlar yerdəyişmə edilən zaman böyük stres keçirirlər. Ona görə də çalışmışıq ki, bu köçürülmə onlara çox təsir etməsin”.

İcraçı direktor qeyd edib ki, ərazidə “Qırmızı Kitab”a düşən səkkiz nəcib marallar saxlanılır:

“Artıq onlardan üçü yeni zooparka köçürülüb. Bizim yeni planımız var ki, “Qırmızı Kitab”a düşən heyvanları artıraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihə çərçivəsində onları yenidən Milli parklara qaytaraq”.

Ərazidə çox az sayda heyvan var. Öyrəndik ki, buna səbəb heyvanların bu yaxınlarda açılışı nəzərdə tutulan Bakı Zooloji Parka köçürülməsidir.

N.İsayeva da deyib ki, heyvanların hamısını birdən köçürə bilməməklərinin səbəbi isə yeni zooparkda tikintinin fərqli olmasıdır. Onun sözlərinə görə, heyvanlar mühitə uyğunlaşdırılaraq köçürülür.

Ərazidə gəzən zaman heyvanların yemlə təmin olunduğunun şahidi olduq. Qəfəslərin birində isə ağ rəngli bir at saxlanılır. Bildirildi ki, həmin at çox baxımsız vəziyyətdə mərkəzə gətirilib.

N.İsayeva deyir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tapşırığı ilə at müayinə olunub və hazırda yaxşı vəziyyətdədir.

Bildirilib ki, təmir zamanı Bakı Zooloji Parkının ərazisi genişləndirilib. Belə ki, heyvanxananın əvvəlki ərazisi 2,25 hektar idisə, təmir zamanı bu ərazi 4,25 hektara qədər genişləndirilib.

Ərazidə olan atlar, uzunqulaqlar isə əsasən, yolda maşın vurması nəticəsində müxtəlif zədə aldıqdan sonra mərkəzə gətirilən heyvanlardır və hazırda burada onlara qulluq edilir.

İcraçı direktor bildirib ki, ərazidəki heyvanlar gün ərzində üç dəfə yemlənir:

“Heyvanların ekspertlər tərəfindən hazırlanmış qida rasionları var. Hər gün heyvanlar üç dəfə qidalanır. Yeni zooloji parkda qida rasionuna əlavələr də edilib. Hazırda heyvanların qidası ilə bağlı heç bir problem yoxdur.

Yoxlanılmış şirkətlərlə müqavilələr bağlanılıb və ət, diri, quru yem vaxtı-vaxtında bizə təhvil verilir. Meyvə-tərəvəz məhsulları təzə olsun deyə həftədə bir dəfə gətirilir”.

Heyvanların müvəqqəti saxlanma ərazisində 30 yaşlı ayı, 20 yaşlı pələng var və onlara baxılır, lazımi qulluq edilir.

İcraçı direktor bildirib ki, Bakı Zooloji Parkında heyvanlara daha yaxşı qulluq edilməsi əsas məqsədlərdən biridir:

“Bizim məqsədimiz daha çox heyvan alınıb gətirilməsi deyil, buradakılara yaxşı qulluq edilməsidir. Hətta planda var ki, heyvanlara baxan işçilərimiz xaricə təlimlərə göndərilsin. Zoopark işi spesifik sahə olduğu üçün orada türkiyəli baytar çalışır”.

İcraçı direktor sosial şəbəkələrdə heyvanların saxlanılması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

O bildirib ki, məlumatı yayan şəxslər heyvanlara düzgün qulluq etmədiklərinə görə işdən azad edilənlərdir:

“Bizim altı işçimiz işdən çıxarılıb. Buna səbəb onların heyvanlara düzgün qulluq etməməsi olub. Onlar heyvanlara qulluq etmədiklərini çəkib, işdən çıxdıqdan sonra yayımlayıblar. Halbuki həmin şəxslər məsuliyyətsizliyi səbəbindən işlərini itiriblər.

Bakı Zooloji Parkının direktoru Azər Hüseynov başda olmaqla digər işçilər isə öz vəzifələrinin başındadırlar”.

Yeni heyvanxanada könüllülərin işləməsi də təmin ediləcək.

Qeyd edək ki, Bakı Zooloji Parkında 123 növ heyvan var. Onlardan 22 növü Azərbaycanın “Qırmızı kitab”na daxildir. Burada əsasəs yırtıcı quşlar var və gələcəkdə onları çoxaldıb, təbiətə buraxmaq planlaşdırılır.