Yeni il ərəfəsi 6,5 milyon turistin Nyu-Yorka səfər edəcəyi gözlənilirbackend

Yeni il ərəfəsi 6,5 milyon turistin Nyu-Yorka səfər edəcəyi gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük metropolisi sayılan, eyni zamanda ən əhəmiyyətli maliyyə və ticarət şəhəri Nyu-Yorkda turizm şəhər iqtisadiyyatında əsas rol oynayır. Dünyanın hər yerində olduğu kimi, pandemiya Nyu-Yorkun turizm sektoruna da böyük ziyan vurub. Uzun müddət ərzində COVID-19 pandemiyasının episentri olan Nyu-Yorkda turizmin bərpası davam edir. Belə ki, Milad bayramı ərəfəsində 6,5 milyon turistin bu şəhərə səfər edəcəyi gözlənilir. Nyu-Yorkun turizm mütəxəssisi Fred Dikson bildirib ki, noyabrın ortalarından yanvar ayınadək dünyanın hər yerindən təxminən 6,5 milyon insanın şəhəri ziyarət edəcəyi gözlənilir. O deyib ki, 2022-ci ilin sonuna qədər isə metropolisə ümumilikdə 56,7 milyon insanın səfər edəcəyi gözlənilir.

Milad bayramı ərəfəsində şəhər rəhbərliyi Nyu-Yorka yenidən turist axınını bərpa etmək üçün kompleks tədbirlər həyata keçirir.

Şəhərin küçə və meydanları, mağazaların vitrinləri çilçıraqlarla bəzədilib, şəhərdə addımbaşı nəhəng Milad ağacları qurulub. Küçələrdəki ağacları və binaları bəzəyən rəngarəng işıqlar şəhərə xüsusi gözəllik verir. Turistlər tərəfindən artıq bu ilin ən məşhur tətil yerlərindən biri olaraq seçilən Nyu-Yorkun beş rayonda hər axşam əyləncə tədbirləri keçirilir. Şəhərin mərkəzi küçələrində (Beşinci və Altıncı prospektlər arasındakı 49 və 50-ci küçələr) rəngarəng küçə şouları təşkil olunub və axşam saatlarında sözügedən küçələr yalnız piyadalar üçün açıq olur. Hər gün minlərlə insan eyniadlı ştatın simvollarından biri hesab olunan, Rokfeller Mərkəzinin önündə qurulan nəhəng Milad ağacını görmək üçün əraziyə axın edir.

Milad mövsümünə xüsusi hazırlanan məkanlardan biri də Nyu-Yorkun məşhur “Times” meydanıdır. Parlaq neon işıqlar ilə işıqlanan möhtəşəm küçəyə bu günlərdə turist axını daha da böyükdür. Şəhərin böyük parklarında (Central Park, Bryant Park) qurulan qapalı buz meydançaları da turstlərin ən çox axın etdiyi yerlərdəndir.