Dünya Azərbaycanlılarının V Qurultayı ilk dəfə işğaldan azad olunan Şuşa şəhərində keçiriləcək. Hazırda qurultaya hazırlıq işləri yekunlaşmaq üzrədir.
İnterpress.az xəbər verir ki, qurultayın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi tarixi əhəmiyyətə malikdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atacaqlar. Diasporla İş üzrə Dövlət Komitəsinin bu gün yaydığı məlumata görə, qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər.
Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.
Möhtəşəmliyi ilə yaddaşlara həkk olunacaq qurultaya hansı ölkələrdən diaspor nümayəndələri gələcək?
Bu siyahıya Ukrayna, Rusiya, Belarus, Fransa, Niderland, İsveç, Danimarka, Avstriya, Almaniya, İsveçrə, Monteneqro, Polşa, Rumıniya, Çex Respublikası, Yunanıstan, İtaliya, ABŞ, Böyük Britaniya, İsrail, Kanada, Meksika, Çili, Kosta Rika, Yeni Zelandiya, Yaponiya, Çin Xalq Respublikası, Cənubi Koreya, Nigeriya, Misir, Oman, Türkiyə Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və digər ölkələrdə fəaliyyət göstərən diaspor fəalları daxildir.