Hər zaman inandığım bir şey var ki, Azərbaycan diasporunun rəhbərləri təmsil olunduqları xarici ölkələrdə Azərbaycanın maraqlarını hər bir şeydən üstün tutmalıdırlar. Amma son zamanlar şahidi olduğum bir sıra məsələlər məni çox təəssüfləndirdi. Öz şəxsi maraqlarına görə Azərbaycanın avropadakı diaspora fəaliyyəti haqqında öz fantaziyalarına əsaslanan əsassız arqumentlərlə çıxış edən diaspora nüməyəndələri gördüm. Maraqlısı da odur ki, həyatlarında bircə dəfə də olsun İspaniyanın Kataloniya vilayətində olmayan insanlar Kataloniyadakı siyasi proseslərin tam içində olduqlarını göstərməyə çalışdılar və hətta çəkinmədən burada fəaliyyət göstərən İspaniya dövlət rəsmilərini separatçı belə adlandırdılar.
Əslində bütün bu proseslərdə “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” (ASB) olaraq səssiz qalmağı üstün tuturduq, çünki səsləndirilən arqumentlər o qədər əsassız və bu xəbərlərin dərc olunduğu xəbər saytları o qədər qeyri-mötəbər saytlar idi ki, tərəfimizdən bildirilən hər bir fikir onlara reytinq qazandıracaq, bizim onları ciddiyə aldığımızı göstərəcəkdi.
Bütün bunlara baxmayaraq, Azərbaycan mediasında ümumi çaşqınlıq yaranmasın deyə bu proseslər barədə müsahibə vermək təklifini qəbul etdim və çalışacam qısa formada gedişatı birlikdə dəyərləndirək.
İlk növbədə qeyd edim ki, təmsil etdiyim diaspora təşkilatı “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” (ASB) – Barselonada və ümumən Kataloniyada yaşayan azərbaycanlıları bir araya gətirmək, onları əlaqələndirmək, milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğatı məqsədilə yaradılan azərbaycanlılar cəmiyyətidir. Bundan əlavə olaraq sözügedən təşkilat nəinki Kataloniyada ümumən İspaniyada rəsmi fəaliyyət göstərən yeganə Azərbaycan diaspora təşkilatıdır və Valensiya, Sevilla, Qranada, San – Sebastian və həmçinin İspaniyanın digər əsas vilayətlərində yaşayan həmyerlilərimizlə də çox yaxından əlaqələrimiz var. Qürur hissi ilə deyə bilərəm ki, bir çox avropa ölkələrindən fərqli olaraq İspaniyada yaşayan azərbaycanlılar həmişə bir birinin yanındadır və bunu sözdə yox hər həftə baş verən ümumi proseslərdə şahidi oluruq.
ASB olaraq hal-hazırda İspaniyada fəaliyyət göstərən bir sıra dövlət orqanları, diaspora təşkilatları ilə yaxından əməkdaşlıq etməkdəyik və bütün bu fəaliyyət istiqamətləri Azərbaycan maraqları hüdudlarından heç bir zaman kənarda olmayıb.Biz bu gün İspaniyada baş verən proseslərdə yaxından iştirak etməyə çalışırıq və burada ölkəmizin maraqlarını müdafiə edəcək yerli ispanlara ehtiyacımız var, çünki bu gün dost kimi qazandığımız hər bir ispan vətəndaşı bizim haqq səsimizin İspaniyada o cümlədən avropada çatdırılmasında mühüm rol oynaya bilər. Məsələn, məlumat üçün qeyd edim ki, ASB olaraq 3 ilə yaxın bir müddətdir ki, Barselona Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil-hüquqşünas Javier Medina Ortiz ilə yaxından əməkdaşlıq etməkdəyik və məhz onunla əməkdaşlığımızın nəticəsi olaraq “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Barselonada təşkil etdiyimiz tədbirdə FC Barcelona’nın və Neymar, Messinin hüquqşünaslarından Cristóbal Martell, FC Barcelona İdarə heyəti üzvü Joan Manuel Trayter, Kataloniyaya akkreditə olunmuş konsulluq korpusunun sədri Franca Lorella, Kataloniya Ali Məhkəməsinin baş prokuroru José Maria Romero de Tejada, Barselona vilayət məhkəməsinin sədri Antonio Recio Córdoba həmçinin, Azərbaycanın Madriddəki konsulu Adil Şükürov, Türkiyənin Barselonadakı konsulu Cihan Geleri və Kataloniyada fəaliyyət göstərən digər bir sıra diplomatik korpusun rəhbərləri və yerli kütləvi-informasiya vasitələri iştirak edirdi. Adlarını yuxarıda sadaladığım şəxslər İspaniyada böyük nüfuza malik şəxslərdir, onların tədbir sonrası Azərbaycan Televiziyasına (AzTV) və İctimai Televiziyaya vermiş olduqları müsahibələrində onların hər zaman Azərbaycan ərazi bütövlüyünü dəstəklədiklərini və bu istiqamətdə gələcəkdə də bizimlə bir araya gələcəklərini bildirmişdilər.
Bu ilin 16 iyul tarixində “Avropa Azərbaycan Konqresi”nin prezidenti Sahil Qasımovun rəhbərliyi ilə Azərbaycanın avropada təmsil olunduğu diaspora nümayəndə heyəti dəvətimiz üzrə Barselonaya səfər etdi. Bu səfər bizə görə əhəmiyyətli idi, çünki ilk dəfə olaraq Azərbaycan Diasporası adına İspaniyada özümüzə dəstək görürdük. Çünki əzəli düşmənlərimiz olan ermənilərin sayı 8 minə çatdığı bir regionda – Kataloniyada, azərbaycanlılar olaraq sayımız ümumi 200 nəfəri keçmir və Kataloniya nəzərə alsaq ki, İspaniyada azərbaycanlıların daha çox məskunlaşdığı ərazi sayılır. Avropanın belə bir həssas nöqtəsində Azərbaycan adına atılan hər bir addım fikrimizcə çox önəmlidir və “Avropa Azərbayanlıları Konqresi”nin Barselonaya səfərini tərəfimizdən çox yüksək dəyərləndirdik. Konqres üzvləri burada olduğu müddətdə ASB olaraq təşkilatımızın yaxın dostu olan Javier Medina Ortizin də iştirakı ilə Kataloniyanın baş prokuroru Fransisko Santos, İspaniya Müdafiə Nazirliyinin Kataloniya üzrə nümayəndəsi polkovnik Luis Novella və Kataloniya Ali məhkəməsinin sədri Antonio Kordova ilə görüşlər təşkil etdik. Hansı ki, bu rəsmi şəxslər İspaniya dövlətinin üzvləridir, hansı ki, bu rəsmi şəxslər bizim “Xocalıya Ədalət” tədbirində çıxış edən şəxslərdir, hansı ki bu rəsmi şəxslər min bir səylə yüksək səviyyədə münasibətlər qurub İspaniyada Azərbaycanımız adına qazandığımız dostlardır.
Və bütün bunlardan sonra hər hansı bir şəxs və ya şəxslərin çıxıb öz şəxsi maraqları naminə Azərbaycan adına böyük həvəslə çalışan, avropada ölkəmizin maraqlarını təmsil edən insanlara heç bir mənası və əsası olmayan iftiralarla qarşı gəlməsi fikrimizcə həmin şəxslər adına heç də arzuolunan və təqdir edilən bir hal deyil. Tam əksinə olaraq, Avropada yaşayan azərbaycanlılar olaraq bizim bu günlərdə birləşməyimiz lazımdır nəinki, öz maraqlarımız naminə öz aramızda düşmənçilik yaratmaq.
Sonda qeyd etmək istəyərdim ki, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” olaraq dünən də, bu gün də doğma Azərbaycanımız, dövlətimiz adına İspaniyada daima böyük həvəslə fəaliyyət göstərmişik və bacardığımız qədər yaxın gələcəkdə də bu fəaliyyətimizi ən yüksək şəkildə davam etdirəcəyik.
“Avropa Azərbaycanlılar Konqresi” ilə əməkdaşlığımızdan da qürur duyuruq və ümid edirik onların İspaniyaya növbəti səfəri zamanı birlikdə daha böyük uğurlara imza atacağıq.
Kərim Kərimov
Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri (ASB)
İnterpress.az