“Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin, bütövlüyünün əleyhinə xəyanətkar iş aparan hər bir adam cəzalanmalıdır. Mən çox sevinirəm ki, nəhayət ki, belə adamların həbs olunması ilə bizim hakimiyyət göstərdi ki, biz çox güclüyük və belə adamları yığıb-yığışdırıb gətirib ayağımızın altına sala bilirik”.
Bu fikirləri İnterpress.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, cənub bölgəsindən olan deputat Hadi Rəcəbli qondarma Talış Milli Hərəkatının sədri separatçı Fəxrəddin Abbasovun həbsinə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, separatçılıqla məşğul olan, Azərbaycan dövlətinə qarşı hədyan çıxışlar edən, radikal fikirlər səsləndirlərin həbsi davamlı olmalıdır: “Eyni zamanda, bu günlərdə xaricdə banlayanlar – Qurban Məmmədov, Orduxan və digər dəstə var ki, bunların hamısı bir-bir bu dövlətin ayağına gəlməlidir. Azərbaycan dövlətçiliyinə, Azərbaycanın bütövlüyünə ziyan vurmaq istəyən hər bir adam cəzalanmalıdır. Fəxrəddin Abbasovun həbs olunması bir daha onu göstərdi ki, Azərbaycan dövləti güclüdür və Azərbaycan xəyanətkarları cəzalandıra bilir”.
Millət vəkili ölkə daxilində qarayaxma kampaniyalarıla məşğul olan sosial şəbəkələrinə də səslənib: “Bu günləri çox təəssüflər olsun ki, xaricdə banlayanlarla yanaşı, daxildə “Facebook” səhifələrində – sosial şəbəkələrdə Azərbaycan dövlətinin rəhbərliyinə, dövlətə xidmət edən məmurlara xəyanət edərək yalan yayanlar da var. Düşünürəm ki, belələrini də F.Abbasovun taleyi gözləyir”.
Qeyd edək ki, Moskva vilayətinin Lüberets Şəhər Məhkəməsi Fəxrəddin Abbasovun Azərbaycan Respublikasına təhvil verilməsi üçün barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.
Xatırladaq ki, Fəxrəddin Abbasov Rusiyada yaşadığı müddətdə Azərbaycana qarşı hədyan çıxışlar edib. O, Ermənistanda dəfələrlə səfərdə olub, daim işğalçı Ermənistanı müdafiə etməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı da çıxışlar edib.
Məlumat üçün bildirək ki, Fəxrəddin Abbasov 1956-cı il dekabrın 25-də Azərbaycanın Lerik rayonunun Bılabənd kəndində anadan olub. 1993-cü ildə Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub. 1994-cü ildə Azərbaycandan qaçıb və Rusiyada yaşayıb. 2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın uyğun qurmlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib.
Səid Qərib
İnterpress.az