Bu il “Kənd təsərrüfatı ili” olacaqbackend

Bu il “Kənd təsərrüfatı ili” olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir.

Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə və torpaqların münbitliyinin qorunmasına şərait yaradır.

Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad edilmişlər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə qərara alıb ki, 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilsin.

Kənd Təsərrüfatı Nazirliyinə Nazirlər Kabineti ilə birlikdə 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

İnterpress.az