Son günlər əhali arasında çörəyin qiymətinin arta biləcəyi ilə bağlı yaranmış narahatlıqlara aydınlıq gətirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Taxıl Fondunun rəhbəri Zülfüqar Məmmədov açıqlama verib.
Z. Məmmədov bildirib ki, əhalinin keyfiyyətli və bol çeşidli ərzaq məhsulları ilə etibarlı təminatı Azərbaycan prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir: “Cənab prezidentin bu həssas sahə üzrə verdiyi göstərişlər, imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlar, xüsusilə də çörək təminatı sahəsində bolluğun və qiymət sabitliyinin təmin edilməsinə səbəb olub.
“Taxıl haqqında” qanuna uyğun olaraq yaradılmış Dövlət Taxıl Fondunun əsas funksiyası fövqəladə hallarda istehlakçıların taxıl məhsullarına olan tələbatını ödəmək, dövlət taxıl ehtiyatlarını formalaşdırmaq, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaqdır.
Azərbaycan prezidentinin tapşırığının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli 406 nömrəli qərarı ilə Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcmi 500 min tondan 750 min tona qaldırılıb ki, bu da daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə intervensiya aparmağa, istisna hallarda qıtlıqdan sui-istifadə edilməklə qiymət artımına cəhdlərin qarşısının alınmasına imkan verir.
Bu gün Dövlət Taxıl Fondundakı yüksək keyfiyyətli ərzaqlıq buğda ehtiyatları 500 min tona yaxındır. Bununla yanaşı, saxlanılma müddəti başa çatmış taxılın istifadəyə buraxılmasından əldə edilən vəsait hesabına əlavə olaraq yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarük edilməsi istiqamətində Rusiya və Qazaxıstandan olan buğda istehsalçıları ilə danışıqlar aparılır.
Onu da bildirim ki, hazırda Dövlət Taxıl Fondundan un istehsalçıları olan müəssisələrə buğdanın bir tonu 185 manat 60 qəpiyə buraxılır. Belə qiymətlə yerli taxıl bazarına dövlət tərəfindən həyata keçirilən ciddi intervensiyanın nəticəsidir ki, əla növ 50 kq-lıq buğda ununun bir kisəsinin topdansatış qiyməti 16 manat həddində müəyyən olunub. Bu isə, öz növbəsində, ölkədə istehsal olunan çörəyin qiymətinin sabit saxlanılması üçün əsas zəmindir, yəni çörəyin qiymətinin yüksəldilməsinə heç bir əsas yoxdur”.
İnterpress.az