İnterrpess.az Güney mətbuatına istinadən bildirir ki, Mənsur Həqiqətpur İnqilab Keşikçiləri Ordusunun tanınmış simalarından biridir. O, 1959-ci ildə Tehranın cənubunda din xadiminin ailəsində dünyaya gəlib. Yetkinlik yaşlarından İran inqilabının lideri Ayətullah Xomeyninin tərəfdarları sırasına qatılıb. Xomeyninin yazıları, məruzələri və səs yazısını cəmiyyətdə yayıb. İran inqilabından sonra Mənsur Həqiqətpur Tehranda doğulmasına baxmayaraq, Ərdəbildən deputat seçilib. İran Məclisinin təhlükəsizlik və xarici işlər komissiyalarında təmsil olunub. Bu komissiyalar daxili və xarici siyasət, şura və bələdiyyələr, daxili və xarici təhlükəsizlik, müdafiə, kəşfiyyat və əhalinin qeydiyaytı kimi məsələləri əhatə edib.
İnqilab Keşikçiləri Orsusunun üzvü olan Mənsur Həqiqətpur daha sonra Güney Azərbaycan və Kürdüstan əyalətlərində çıxan üsyanları yatırmaq vəzifəsi alıb. 1985-ci ildə İranın bütün aerodromlarının təhlükəsizliyi üzrə məsul vəzifəyə təyin olunub. Bu vəzifədə olarkən adı bir çox terror fəaliyyəti və insan oğurluğu hadisələrində hallanıb. Terror məqsədlə yaradılan “Bilal” və “Ramazan” təşkilatlarında təmsil olunub. Daha sonra “Qüds gücü” təşkilatında 5000 nəfərin komandiri olub. Rəhbəri olduğu bölmə İran dövlətinə müxalif olan şəxsləri və təşkilatları (xüsusilə Türkiyəyə mühacirət etmiş olan siyasi müxalifləri) ortaya çıxarıb, yox etməklə məşğul olub. 1992-ci ildə Türkiyədə Xalq Mücahidləri Təşkilatının üzvü Əli Əkbər Qurbani “Qüds gücü” və İran kəşfiyyatının ortaq əməliyyatı ilə qətlə yetirilib.
İran-İraq müharibəsi zamanı Dar-Alhuveyn, Səlmaniyyə və Mərd bölgələrində vəzifələrini icra edib. Mənsur Həqiqətpur 1997-ci ildə İnqilab Keşikçiləri Ordusunun xarici qoluna təyin edilib. Qarşısına Orta Asiya, Cənub-Şərqi Asiya, Qafqaz, Türkiyə və Pakistanla bağlı siyasi və mədəni araşdırmalar aparmaq vəzifəsi qoyulub. Mənsur Həqiqətpurun hətta həmin dövrdə Azərbaycanda 2 il müddətində hərbi məsləhətçi olduğuna dair məlumatlar var. Bu dövr İran və Azərbaycan arasında hərbi əlaqələrin ən möhkəm olduğu dövr kimi xarakterizə edilir. Daha sonra Mənsur Həqiqətpur İnqilab Keşikçiləri Ordusnun generalı rütbəsini alıb.
Zaman-zaman Azərbaycanın daxili işlərinə qarışması ilə gündəmə gələn Mənsur Həqiqətpur Güney Azərbaycandakı milli hərəkata qarşı sərt mövqeyi ilə də tanınıb. Son zamanlar Qafqazın 17 şəhərinin İrana aid olduğu iddiası ilə gündəmi zəbt edən Həqiqətpur deputat Siyavuş Novruzuvla uzun müddət davam edən mübahisəsi ilə tanınıb. Siyavuş Novruzova açıq məktublar yazan Mənsur Həqiqətpurun Azərbaycan əleyhinə və Ermənistanın lehinə casusluq fəaliyyətində olduğunu söylənilir. İddialara görə Mənsur Həqiqətpur hərbi müşavir olduğu zamanlarda Azərbaycan ordusuyla əlaqədar məlumatları Ermənistana ötürüb.
Dini baxışları ilə “Taliban”a daha yaxın olan Mənsur Həqiqətpur qadınların zorla hicablanması, dini təqvimdən istifadə, imamların vəfatı və doğum günlərində məktəblərin bağlanması kimi çıxışlar edib. O, Siyavuş Novruzova yazdığı məktublardan birində belə bildirib: “Novruz Xan, bir neçə gün əvvəl peyğəmbər əfəndimizin doğum günü idi və mən bilirəm ki, bu gün sizin ölkədə tətil deyil. Görəsən siz bir müsəlman olaraq, bu günün tətil olması üçün hər hansı bir cəhd göstərmisiz? Görəsən peyğəmbərimizdən xəbəriniz varmı?.. Hörmətli Novruz Xan, siz bir millət vəkili olaraq ölkənizdə homoseksualizm qadağasının olmaması haqqında nələr düşünürsünüz? Hörmətli Novruz Xan, Novruzun ilk günü simvolik olaraq Araz çayı sahilində görüşmək üçün daha əvvəl razılaşmışdıq. Mənə maraqlıdır, siz ki, miladi təqvimindən istifadə edirsiz, Novruzun ilk gününün nə zamana düşməsindən xəbəriniz varmı?”
Mənsur Həqiqətpur millət vəkili olaraq İsfahanda qadınların üzünə turşu atılaraq kor edilməsinə haqq qazandırmasına görə də sərt tənqid edilib. Bundan başqa medianı bu xəbərləri yaymaqda günahlandıraraq jurnalistləri məhkum etməyə çağırıb. Mənsur Həqiqətpurun fikrincə, qadınlaırn üzünə turşu atmaq böyük cinayət deyil və daha əvvəl də başda İsfahan olmaq üzrə ölkənin başqa yerlərində baş verib.
İranın ali dini rəhbəri Ayətullah Xamneyinin və İnqilab Keşikçiləri ordusunun Türkiyə, Azərbaycan və Türkmənistan üzrə müşaviri olan Mansur Həqiqətpurun adı türkdilli ölkələrə casus göndərməkdə də hallanır. Mansur bu mövzuda ciddi təcrübəyə malikdir. Bu fəaliyyətlər mədəniyyət sahəsində müqavilələr, inşaat firmaları, turizm və dini məkanlar adı altında icra olunur.
İnterpress.az