Bunu Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi, ədliyyə polkovniki Rauf Kişiyev “Azərbaycan ordusu” qəzetinə verdiyi müsahibədə bildirib.
Rauf Kişiyev deyib ki, hərbi qanunvericilik sistemində əsas sənədlərdən biri-\”Hərbi qulluqçuların statusu haqqında\” qanunla bağlı müdafiə nazirinin təşəbbüsü ilə yeni layihəsi hazırlanıb və müvafiq dövlət qurumları ilə razılaşdırılıb: “Əlbəttə, mən respublikamızın digər güc strukturlarını nəzərdə tuturam. Həmin qanunda daha proqressiv, sosial yönümlü müddəalar öz əksini tapıb. Bu qanun layihəsi qəbul edildiyi təqdirdə ordu sıralarında xidmət edən həqiqi xidmət hərbi qulluqçuları, həmçinin vaxtilə orduda xidmət edərək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların sosial müdafiəsilə bağlı vəziyyətin daha da yaxşılaşması gözlənilir”.
Ədliyyə polkovniki bildirib ki, \”Hərbi qulluqçuların statusu haqqında\” Qanunun əvvəlki variantında hərbi qulluqçuların yalnız xidməti mənzillə təmin edilməsi nəzərdə tutulmuşdusa, yeni layihədə onların daimi mənzillə müvafiq şərtlər nəzərə alınmaqla təmin edilməsi nəzərdə tutulur: “Eyni zamanda ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların sosial müdafiəsinin xüsusiyyətlərini əks etdirən bir çox müddəalar da layihəyə salınıb. Yeni müddəalar ilk növbədə hərbi xidmətə münasibətin daha da yaxşılaşdırılması, ordunun cəmiyyətdə nüfuzunun yüksəldilməsi və eyni zamanda həm hərbi qulluqçuların, həm də ordudan tərxis edilmiş vətəndaşların sosial müdafiəsinin gücləndirilməsilə bağlıdır. Bunlar ehtiyatda və istefada olan hərbi qulluqçuların maddi təminat, istirahət, işlə təmin olunma hüquqlarına aiddir, eyni zamanda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da yeni qanun layihəsində nəzərdə tutulub. Bu məsələlərə artıq yeni prizmadan yanaşılır.
Yeni qanun layihəsinə görə, artıq dövlət hərbi qulluqçular qarşısında ikili öhdəlik daşıyır. Yəni həmin vətəndaşların təkcə mənzillə təmin edilməsi deyil, həm də istəkləri nəzərə alınmaqla mənzil əvəzinə pul kompensasiyasının ödənilməsi nəzərdə tutulur. Bu, hərbi qulluqçuların sosial problemlərinin həlli baxımından daha düzgün və ədalətli yanaşmadır. Odur ki, bizim yeni qanun layihəsi daha proqressiv müddəalar əks olunmaqla hazırlanmış bir hüquqi sənəd olacaq.
Orada digər müddəalar da var. Misal üçün yeni qanuna görə hərbi xidmətdən buraxılmaqla bağlı müəyyən məbləğlər müəyyən edilib ki, həmin vətəndaşlar ordudan sonra cəmiyyətə reabilitasiya edilərkən həmin vəsaitlə öz ehtiyaclarını ödəyə bilsinlər”.
İnterpress.az