TQDK-nın mətbuat xidmətindən İnterpress.az-a verilən xəbərə görə, qəbulda Gədəbəy, Gəncə, Şəmkir, Göygöl, Samux və Daşkəsən rayonlarından olan sakinlər və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
Görüş zamanı edilən müraciətlərin əksəriyyəti təhsil və təlim-tərbiyə sahəsindəki məsələlərlə bağlı olub. Vətəndaşlar ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul, bir ali təhsil müəssisəsindən digərinə köçürülmə, qabiliyyət tələb edən ixtisaslara qəbul, təhsil haqqı, işə qəbul, qaçqın və məcburi köçkünlərə, həmçinin cəbhə bölgəsindən olan abituriyentlərə və tələbələrə təhsil sahəsində güzəştlər və s. məsələlərə dair TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər. Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.
Qeyd olunub ki, qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da komissiya sədri M. Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.