İnterpress.az xəbər verir ki, kriminal aləmdə Kuso ləqəbi ilə tanınan Ozmanov Soçiyə böyük məbləğdə pul üçün gedib. Həmin pul yerli biznesmen tərəfindən Qela Kardava üçün nəzərdə tutulub, amma Ozmanov Qela Kardavanın artıq “oğru” olmadığını əsas gətirərək bu pula iddia edib.
Ancaq pulu ödəməli olan mənbə hələ də Qela Kardavanı “oğru” hesab etdiyini və pulu ondan başqasına ödəməyəcəyini bildirib. Beləliklə də, Ozmanovun həmin pula olan iddiası təmin ediməyib. Yaranan qalmaqaldan yerli polis xəbər tutub və Ozmanovun üstündə narkotik tapılaraq həbs edilib.
Qalmaqala Soçidən olan “qanuni oğru” Tengiz Dumoyev də qatılıb. Ancaq çox keçmədən Ozmanovun kriminal dünyanın “xaç atası” adına iddialı Şakro Kürdlə (Molodoy) qohumluq əlaqələri nəzərə alınaraq ona qarşı ittihamlar birdən-birə yox olub.
Son hadisələr Şakro Molodoyun həbsdən çıxdıqdan sonra narazı klanları cəlb etmə üçün ciddi fəaliyyətə başladığını söyləməyə əsas verir. “Oğru dünyası”nda ciddi dəyişikliklər edəcəyini bildirən Şakro Kürd əsasən azərbaycanlı və gürcü klanlarının dəstəyini qazanmağa çalışır və bunun üçün klanlararası savaşlardan yararlanır.
Qela Kardavanın Rövşən Lənkəranski ilə düşmən münasibəti, tərəflərin münasibətləri hətta əlbəyaxa davaya qədər “irəlilətdiyinə” dair məlumatlar var. Belə bir zamanda Qela Kardavaya ödənilməli vəsaitin arxasından Soçiyə Şakro Molodoyun qohumu Ozmanovun göndərilməsi də Lənkəranskiyə qarşı jest hesab oluna bilər.
İnterpress.az