İnterpress.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, ipoteka kreditləri üzrə maksimum məbləğ 2 dəfə artırılaraq 100 min manata çatdırılacaq: “Xatırladım ki, son illər əmlak bazarında qiymətlərin yüksəlməsini nəzərə alaraq ipoteka kreditləri üçüm maksimum məbləğin artırılmasını təklifini dəfələrlə hökümətə təqdim etmişdik. Maksimum məbləğin azlığı proqramın səmərəliliyinə neqativ təsir göstərirdi.
İkincisi, ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınacağı gözlənilir. Güman edilir ki, adi ipoteka kreditlərində 8 faiz 6 faizədək azaldılacaq. Sosial ipoteka kreditləri isə 2 faizlə təklif edilə bilər. Faiz endirimləri ilə yanaşı diferensial faizlərin də tətbiq edilməsi məqsədə uyğun olardı. Belə ki, paytaxt ilə müqayisədə rayonlarda həm adi, həm də sosial ipoteka kreditləri üçün daha aşağı faizin təklif edilməsi arzuolunan olmaqla yanaşı proqramın regional səmərəliliyini də artıra bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, bölgələrdə əhalinin orta aylıq əmək haqqısı paytaxtla müqayisədə 2 dəfə azdır və bu da əhalinin ipoteka müraciəti üçün imkanlarının məhdud olmasına gətirib çıxarır. Nəzərə alaq ki, adi və sosial ipoteka üçün tələb edilən əmək haqqı məbləği adətən təxminən 700 manatdan çox olur. Bu isə az gəlirli bölgə camaatının bu imkandan yararlanmasını çətinləşdirir. Bu baxımdan, diferensial faizlərin tətbiq edilməsi rayonlarda yaşayan və ipoteka krediti götürmək istəyən vətəndaşlarımız üçün əmək tələblərini yumşaldacaq. Çünki faiz nə qədər az olarsa, tələb olunan əmək haqqı tələbi də aşağı düşür. Bu isə ona gətirəcək ki, 400 manat aylıq gəliri olan regionda yaşayan bir vətəndaş, bir gənc ailə rahat ipoteka kreditlərindən yararlana biləcək.
Üçüncüsü, regionlara ayrılacaq ipoteka kreditinin məbləği üçün minimum həddlər müəyyənləşdiriləcək. Əslində, ipoteka fondu xəttiylə verilən həm adi, həm sosial ipoteka kreditlərinin ən azı 50% regioanlar üçün ayrılması məqsədə uyğundur Məsələn, ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı – 2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulacaq. Bu da regionların ipoteka kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb olacaq. Burada məqsəd bütövlükdə ipoteka kreditləşməsi sistemini təkmilləşdirilməsi ilə yanaşı regionların kreditlərdən daha geniş miqyaslı istifadəsinə şərait yaratmaqdır.
Nəhayət, hal-hazırda ən çox müzakirə edilən məsələlərdən biri də məhz ilkin ödəniş məbləğinin yüksək olmasıdır. Hələlik Mərkəzi Bank bu istiqamətdə hansı addım atacağı bəlli deyil. Amma, bunun üçün iki praktikadan istifadə etmək niyyətindədir. Bunlardan birincisi, əmanət tikinti bankların formalaşdırılması və bununla bağlı ipoteka fondunun yaradılması, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. Praktiki olaraq vətəndaş artıq 80 faiz deyil, 100 faizlik ipoteka krediti əldə edə biləcək.
Bütövlükdə, nəzərdə tutulan dəyişikliklər müsbət olmaqla yanaşı, kreditlərə əlçatanlığı artıracaq. Deməli, ipoteka kreditləşməsi artıq yeni mərhələyə qədəm qoya bilər”.
İnterpress.az