MTRŞ “qara siyahı” hazırlayırbackend

MTRŞ “qara siyahı” hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, dosyedə verilişlərin ümumi məzmunu və məqsədi geniş şəkildə əksini tapacaq: “Ümumiyyətlə, verilişdə hansı məsələlər müzakirə olunur, veriliş tok-şoudur, ya əyləncəlidir, yaxud maarifləndiricidir, yəni bu kimi məsələlər dosyedə göstəriləcək. Bir də verilişdə əvvəl və indi yol verilən qanun pozuntuları da dosyedə əks olunacaq ki, verilişlə bağlı ümumi mənzərə yaransın. Məsələn, bu gün verilişdə qanun pozuntusu baş verir. Amma əvvəl verilişdə belə bir hal aşkarlanmayıb. Yaxud da əksinə. Bu kimi təsadüfi hallar dosyedə nəzərə alınacaq. Digər bir verilişdə qanunvericiliyin pozulması, milli-mənəvi dəyərlərə hörmətsizlik halları mütəmadi olaraq təkrarlanır”.

Şöbə müdirinin sözlərinə görə, dosyeləri hazırlanacaq verilişlərin siyahısı konkretləşməyib: “Bütün verilişlər haqda hazırlanacaq dosyelərə eyni yanaşma tətbiq olunacaq. Başqa cür anlaşılmasın, bu, bizim işimizin mahiyyətidir. Biz bütün verilişlərlə bağlı məlumatlı olmalıyıq. Monitorinq şöbəsində hər bir monitorinqçinin cavabdeh olduğu kanal var. Dosyelərin əsasında rəhbərliyə arayış təqdim edəcəyik ki, məsələn, filan verilişdə müsbət məqamlar, filan verilişdə isə mənfi məqamlar üstünlük təşkil edir. Buna tam “qara siyahı” da demək olmaz. Çünki müsbət məqamlar da dosyedə qeyd olunacaq. Amma təbii ki, neqativ aspektdən fərqlənən verilişlərin dosyelər əsasında ayrıca “qara siyahısı” olacaq”.

T. Dadaşov qeyd edib ki, indidən dosyeləri hazırlanacaq verilişlərin adlarını açıqlamaq tezdir: “Lakin ictimaiyyət mütəmadi qanun pozuntularının baş verdiyi verilişlərin adını yaxşı bilir. Həm də əksər verilişlər tətildədir. Bəlkə də haqqında dosye hazırlanacaq verilişlərin bir neçəsi proqramdan çıxarılacaq. Yeni verilişlər də yayımlana bilər ki, onlar haqda da dosye hazırlansın. Yeni verilişlərdə də nöqsanlar ola bilər. Növbəti mövsümdə, sentyabrda dosyelər daha təkmil şəkildə hazırlanacaq”.

Qeyd edək ki, bir müddət əvvəl MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərin hər biri haqqında dosye hazırlanacaq və o dosyedə verilişlərin tərtibatı və sair məsələlər haqda arayış veriləcək. Arayışda qanunvericiliyə zidd hallar olacağı təqdirdə, bu məsələyə Şura tərəfindən baxılacaq.

İnterpress.az