“Mərhum jurnalistin peşə hazırlığı yetərli deyildi”backend

“Mərhum jurnalistin peşə hazırlığı yetərli deyildi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Fazil Mustafa jurnalist Rasim Əliyevin ölümünə şəxsi \”facebook\” səhifəsində münasibət bildirib.

F.Mustafa baş verən cinayəti ağır hadisə kimi qiymətləndirib:

“Hüququn yerinə fiziki güclə məsələni çözürlər. Bir statusa görə jurnalisti öldürmək, bir xoşa gəlməyən cavaba görə dostunu, qadınını, ərini, yaxınlarını, çevrədəki insanları qətlə yetirməyin ənənəyə çevrildiyi bir cəmiyyətin gəlib çıxdığı real nəticədir”.

F.Mustafa öldürülən jurnalistin yaxınlarına başsağlığı verib: “Bu hadisə ilə əlaqədar başqa bir neçə detala soyuqqanlı diqqət yetirməliyik: ölkəni xaricdə təmsil edən əksər futbolçular kimi, bu futbolçunun da təhsili və dünyagörüşü aşağıdı, bunu da yanlış jestlərlə, jurnalistlərin suallarına cavablarla büruzə verir. Kiprli jurnalist soruşur ki, \”niyə türk bayrağını qaldırdın\”, cavab verir ki, \”türklər mənim dostumdur\” \”Biz də türkük\” demək nə qədər ciddi hazırlıq tələb edir? Mərhum jurnalistin peşə hazırlığı yetərli deyildi, birbaşa gənc futbolçunu əxlaqsız və tərbiyəsiz adlandırır, halbuki dilin imkanları yetərincədir ki, söyləmək istədiyi ən sərt fikri belə daha mədəni üslubda və dolayı formada ifadə etsin. Futbolçunun bu hadisəyə qarışan qohumlarının təəssübkeşlik duyğusu da insan həyatına sayğıdan xeyli yuxarıdadır”.

Millət vəkili hesab edir ki, ən acınacaqlısı isə ədalətin məhkəmə yolu ilə bərpa olunmasına inamın gündəmdən çıxmasıdır və insanlar öz \”qanunları ilə\” bir-birini susdurmağa cəhd edirlər: “Qısacası, bu aqressivliyin azalmasını, insanların hüquqa, bir-birinin haqqına hörmət etməsini istədiyimiz cəmiyyətdə futbolçusu da, jurnalisti də, siyasətçisi də, sahibkarı da, polisi də, müəllimi də, oğrusu da, müğənnisi də lazımi təhsil almalıdır, sağlam dünyagörüşə sahib olmalıdır. Unutmayaq ki, ötən aylarda bir müğənni də apardığı \”razborka\”nı rahatlıqla videoya çəkmişdi, məmur-sahibkar övladları yol polisini hansı səviyyədə təhqir etmişdi. Hüquq ədalətli şəkildə insanlara toxunmayanda, insanlar bir-birinin hüququna bu kimi aqressiv formalarda toxunacaqlar. Yəni hər kəs öz imtiyazı səviyyəsində hüququn üzərinə çıxanda hüququn beli bükülmüş qalacaqdır. Linç etmeklə problem çözülmür, bundan sonrakıları tərbiyələndirmək və hər kəsin ən azı özünə hörmət qazanmaq səviyyəsində tərbiyə sahibi olmasına ehtiyac var”.

Xatırladaq ki, jurnalist Rasim Əliyev \”Qəbələ\” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən hədələndiyini və döyüldüyünü iddia edib. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasında cərrahi əməliyyat olunub. Bundan sonra reanimasiya şöbəsinə köçürülüb və avqustun 9-da orada vəfat edib.

Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini \”Facebook\” səhifəsində tənqid etməsi göstərilib.

İnterpress.az