Bütün dünyanın “qara bazar ertəsi” adlandırdığı həmin gün Çinin “Shanghai Composite” indeksi bir gün ərzində 8,49% aşağı düşdü. Bu, 2007-ci ildən bu yana ən yüksək günlük azalma idi. Bütünlükdə, üç ay ərzində “Shanghai Composite” indeksi 30% faiz aşağı düşüb.
Qara bazar ertəsi bir çox ölkələrlə yanaşı Azərbaycanın iki ən yaxın tərəfdaşını -Türkiyə və Rusiyanı da titrətdi. Türkiyənin indeksi bir gündə 3,33%, Rusiyanın indeksi isə 4,73% azaldı. Çindəki geriləmə onun əsas tərəfdaşlarından olan Rusiyanın valyutasına da təsir etdi. Əgər iyulun sonlarında 1 dollar qarşılığında 60 rus rublu almaq mümkün idisə, bazar ertəsi bu rəqəm 71 rubla qalxdı. Rus ekspertlər əhalini 1 dolların 100 – 120 rubla bərabər olacağı günlərə hazırlaşmağa çağırdı.
ABŞ-ın indeksinin də Çin iflasına reaksiya verərək 3,58% düşməsi böhranın daha da dərinləşdiyini ortaya çıxarır. Hər halda, 77 trilyon dollarlıq qlobal ümumi daxili məhsulun (ÜDM) 17 trilyon dollarını təmin edən Amerikada baş verənlər dünya iqtisadiyyatına ciddi təsir göstərir. Təsadüfi deyil ki, avqustun 24-nü əksər dünya ekspertləri Böyük Depressiyanın başladığı 1929-cu illə, yaxud Dou-Cons indeksinin bir gündə 22,6% düşdüyü 19 oktyabr 1987-ci illə, yəni məşhur “qara bazar ertəsi” ilə eyniləşdirirlər.
Lakin bununla belə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov dünyanı sarsıdan Çin “qara bazar ertəsi”nin, eyni zamanda dünya bazarında neftin qiymətlərinin Azərbaycana birbaşa təsir etməyəcəyini vurğulayır.
“Azərbaycan büdcəsindən sosial sahəyə ayrılan xərclər büdcənin qeyri-neft sektordan gələn gəlirlərinə bərabərdir. Yəni istənilən halda qeyri-neft sektoru sosial sahəyə ayırmaları təmin edəcək. Böhran yalnız büdcənin investisiya hissəsinə təsir göstərə bilər ki, bunu da sekvestr tətbiq edərək həll etmək mümkündür”,- deyə iqtisadçı alim bildirib.
Vüqar Bayramov böhranın Azərbaycana dolayı təsirinin isə Rusiyadan gələn transfertlərlə bağlı olacağını bildirir. Onun fikrincə, Rusiyada rublun məzənnəsinin getdikcə aşağı düşməsi orada fəaliyyət göstərən azərbaycanlı əmək miqrantlarının gəlirlərini azaldacaq ki, onlar da Bakı və Gəncənin, eləcə də rayonların əmlak bazarına vəsait yönəldə bilməyəcəklər. Beləliklə, istər-istəməz ölkənin əmlak bazarında qiymətlər düşəcək.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı Bakının əmlak bazarında “qara bazar ertəsi”nin təsiri altında yaranacaq ucuzlaşmanın nəzərəçarpacaq səviyyədə olacağını vurğulayır.
“Buna oxşar vəziyyət bir neçə ay əvvəl manatın devalvasiyası zamanı baş verdi. Onda bəzi işbazlar dolların bahalaşmasından istifadə edərək manatla evlərin qiymətini qaldırmağa cəhd etdilər. Amma az keçmədi ki, alıcı olmadığından ucuzlaşma başladı. Son 3-4 ayda mənzil bazarında 25%-ə qədər ucuzlaşma müşahidə edilib”,- deyə Ramil Osmanlı bildirib.
Əmlak üzrə ekspert bunu potensial alıcıların ehtiyatlı davranması ilə izah edir. Yəni mənzil almağa pulu olan insanlar əllərindəki vəsaiti dollara çevirərək ehtiyat üçün saxlayırlar. Böhran dövründə mənzil kreditlərinə də maraq azalır, çünki adamların aylıq ödənişləri təmin edəcəklərinə inamı olmur. Beləliklə, bazar hər tərəfdən cilovlanır.
Ramil Osmanlı vəziyyəti xilas etmək üçün dövlətin bazara müdaxiləsini artırmağı vacib sayır:
“Vəziyyəti dövlətin bazara əlavə pullar yatırması düzəldə bilər. Mənzil bazarının canlanması tikinti şirkətlərinin də sifarişlərini artırar, belələklə tikinti şirkətlərindən ixtisarlar azalar. Bir qədər əvvəl ölkə başçısı bu il ipoteka üçün əlavə 100 milyon manat ayrılmasının vacib olduğunu bildirmişdi. Maliyyə Nazirliyindən soruşmaq lazımdır ki, həmin pullar niyə yatırılmır? Həmin pulları da sosial evlər barədə bəyan edilən layihənin gününə salmasınlar. Vaxtında, neftin barrelinin 120-130 dollara satıldığı zama nda aztəminatlı ailələrə üçün nəzərdə tutulan sosial evləri tikmək Azərbaycan üçün elə də çətin deyildi. İndi isə heç mümkün deyil. İpotekaya ayrılan pulları da ləngitmək olmaz. Əks halda, əmlak bazarını heç cür xilas etmək mümkün olmayacaq”. (anspress)
İnterpress.az