İclasda layihə barədə məlumat verilib, prezidentin narazılığına səbəb olan məqamlar açıqlanıb.
Bildirilib ki, qanunun 4-cü maddəsində səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yerinə yetirilən respublika informasiya-məsləhət xidməti mərkəzinin təşkil edilməsi, həmin mərkəzin tərkib hissəsi kimi fəaliyyət göstərən yerli qurumların yaradılması, habelə mərkəzin funksiyaları və öhdəlikləri müəyyən edilir. Bundan başqa, qanunun 5-ci və 15-ci maddələrinə əsasən kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyekti hesab edilən müvafiq icra hakimiyyəti orqanının bu sahədə xidmət göstərmək hüququ əldə etmək üçün akkreditasiya olunması tələb olunur. Beləliklə qanunun bu müddəaları Konstitusiyanın 93-cü maddəsinin IV hissəsi və 109-cu maddəsinin 7-ci bəndi ilə ziddiyyət təşkil edir. Bununla Konstitusiyanın 7-ci maddəsində nəzərdə tutulmuş hakimiyyətlərin bölünməsi prinsipini pozaraq Azərbaycan Prezidentinin icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərini məhdudlaşdırır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 64.9-cu maddəsinə uyğun olaraq qanunda normaların həddindən artıq detallaşdırılması Konstitusiya ilə müəyyən edilmiş icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır.
Bildirilib ki, qeyd olunanlarla yanaşı qanunda “Normativ hüquqi aktlar haqqında” qanunun 25.2-ci və 64.4-cü maddələrinin tələblərinə riayət olunmadan həddindən artıq ümumiləşdirilmiş və qeyri-müəyyən ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin çoxluğuna yol verilib. Konstitusiyanın 110-cu maddəsinin I hissəsini və 149-cu maddəsinin III hissəsini rəhbər tutaraq “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun imzalanmadan geri qaytarılıb.
Qərar layihəsi səsə qoyularaq qəbul olunub və qanuna yenidən baxılacağı bildirilib.
İnterpress.az