Macarıstan hökuməti Avropanın Rusiya ilə müharibə etməsinin qarşısını almaq istəyir və bunu necə edəcəyini bilir.
“İnterpress.az ” TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Sülh marşı”ndan sonra Dunay sahilindəki Marqaret adasında hökumətin Rusiya-Ukrayna müharibəsinin genişlənməsinə qarşı siyasətinə dəstək məqsədilə keçirilən mitinqdə çıxışı zamanı deyib.
“Bizim qarşımızda əvvəllər heç vaxt görmədiyimiz nəhəng bir vəzifə var. Avropanın öz məhvinə səbəb olacaq müharibəyə girməsinin qarşısını almalıyıq”, – Orban deyib və əlavə edib ki, “Macarıstan hökuməti bunu necə edəcəyini bilir”.
Onun sözlərinə görə, Aİ və NATO-nun Ukraynada müharibənin genişlənməsinə yol açan təhlükəli planlarının həyata keçirilməsinin qarşısını almaq, Avropa Parlamentinə keçiriləcək seçkilərdə müharibəni deyil, sülhü müdafiə edən partiyalara səs vermək lazımdır.
Qeyd edək ki, Macarıstan liderinin bu sözləri Avropa ölkələrinin Ukraynaya yardımının artırması fonunda səslənib.
Xatırladaq ki, Viktor Orban Vladimir Putinin Avropadakı ən yaxın müttəfiqi hesab olunur. Artıq 2022-ci ilin iyulunda o, “Qərbin anti-Rusiya strategiyasının iflasa uğradığını” iddia edib və Ukraynada müharibəyə son qoymaq üçün ABŞ və Rusiya arasında danışıqlara çağırıb.
2023-cü ilin oktyabrın sonunda Macarıstanın Baş naziri Ukraynanın döyüş meydanında qalib gəlməyəcəyini deyərək Aİ-ni müharibə strategiyasını dəyişməyə çağırıb, çünki hazırkı strategiya, Orbanın sözlərinə görə, “uğursuzluqla sonuclanıb”.
Macarıstan tez-tez Aİ-nin Ukraynaya maliyyə yardımını bloklayır və həmçinin Ukraynanın Aİ-yə daxil olmasına qarşı çıxır.