Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir.
“Brent” markalı neftin bir bareli dünya bazarlarında ötən gün 37,13 dollara satılırdısa, bu gün 36,95 dollar olub. “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti isə 35 dollardan da aşağı düşüb.
“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,68 dollar ucuzlaşaraq 37,76 dollar təşkil edib. OPEK-in son iclasından sonra neftin qiyməti yüksək sürətlə ucuzlaşmağa başlayıb.
“Qara qızıl”ın son 9 il ərzində ən aşağı həddə düşməsi isə neftdən asılı olan dövlətlərin iqtisadiyyatına ciddi zərbə vurur. Məsələn, neftin qiymətində hər 10 dollarlıq ucuzlaşma Rusiyanın valyuta gəlirlərini 20 milyard dollar azaldır. Azərbaycan iqtisadiyyatının da çox hissəsi neftdən asılı olduğu üçün qiymətlərin aşağı enməsi büdcə gəlirlərimizin azalması ilə nəticələnir.
Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri, Elnur Sultanov bildirdi ki, neft qiymətləri 100 dollar civarında olanda “qara qızıl”dan il ərzində gəlirlərimiz təxminən 13 -14 milyard dollar ətrafında dəyişirdi: “Amma nəzərə almaq lazımdır ki, hazırda qiymətlər 50 % aşağı enib. İndi isə il ərzində Azərbaycanın neft gəlirləri 6 – 7 milyard ətrafında dəyişir. Azərbaycanın dünya neft bazarına təsir edəcək imkanı yoxdur”.
Azərbaycanın neftin qiymətini dəyişmək gücündə olmaması onun işini bir az da çətinləşdirir. Çünki neftdən itirdiyi gəlirləri hansısa yollarla kompensasiya etməlidir. 2015-ci il dövlət büdcəsində neftin qiyməti 90 dollardan hesablandığı halda, gələn ilin büdcəsində həmin rəqəm 50 dollardan hesablanıb. Hazırda Azərbaycan üçün neftin qiymətində \”qırmızı xətt\” 40 dollar hesab edilir.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimli bildirdi ki, Maliyyə Nazirliyi neftin qiymətinin 40 dollardan aşağı enəcəyi təqdirdə hansı tədbirlər görəcəyini artıq müəyyənləşdirib.
“Maliyyə Nazirliyinin tədbirlər planı üç istiqamətlidir. Dövlət büdcəsi monitorinqdən keçirilir və hansı xərclərin azaldılması barədə qərar verilir. İkinci qənaət rejiminin tətbiq edilməsidir. Qənaət investisiya sahəsinə aid edilsə də, sosial sahəyə tətbiq edilməsi nəzərdə tutulmur”.
Əli Məsimli bildirdi ki, qənaət etməyi bacaran hökumət modelinə keçmək lazımdır: \”Bu isə təkcə Maliyyə Nazirliyinin deyil, bütün hökumətin işidir. Əgər neftin qiyməti 40 dollar ətrafında dəyişsə, bu tədbirlər görülə bilər. Bu səbəbdən 2016-cı ilin büdcəsinə yenidən baxılmasına lüzum yoxdur\”.
Millət vəkili bildirdi ki, hesablamalara görə, 2015-ci ildə neftin qiymətinin 1 dollar enməsi Azərbaycan büdcəsinə bir il ərzində 26,05 milyon manat təsir göstərir. Neft 10 dollar endikdə isə büdcəmiz 265 milyon manat itirib.
Bir il ərzində dövlət büdcəsinin neftin qiymətinin enməsinə görə itirdiyi pullar (2015-ci il)
Bütün bu geriləmələri nəzərə alan maliyyə naziri Samir Şərifov nazirlikdə 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında israfçılıq edənlərə sərt xəbərdarlıq edib.
Nazir 2016-2019-cü illərdə qarşıda duran mühüm vəzifələr sırasında qeyri-münbit xarici mühit şəraitində, həmçinin dövlət və icmal büdcələrin gəlir və xərclərinin azalması fonunda, sosial prioritetliyə üstünlük verilməklə fiskal yığcamlaşdırma siyasətini həyata keçirmək, iqtisadiyyatın dayanıqlılığını təmin etməklə, onun aparıcı sahələrinin modernləşməsini və şaxələnməsini davam etdirmək, dövlət sektorunda xərclərin səmərəliliyini artırmaq, dövlət və icmal büdcələrin cari və əsaslı xərclərinin idarə olunmasını təkmilləşdirməyi qeyd edib.
Neftin qiymətinin enməsi Azərbaycan hökumətinə bir daha imkan verir ki, ən etibarlı sahələrdən olan qeyri–neft sektorunu inkişaf etdirsin. Çünki neft baha olduğu vaxtlar kifayət qədər maliyyə ehtiyatları toplamışıq. İndi isə müəyyən qurumlar bu maliyyə vəsaitləri qeyri–neft sektoruna xərcləyib, dünyada baş verən böhranı Azərbaycandan uzaqlaşdıra bilərlər.
İran da dünyanın ən böyük neft ixacatçılarından biridir. Amma beynəlxalq sanksiyalar neftin xarici bazara çıxarılmasına imkan vermirdi. Bu isə hökuməti istər–istəməz qeyri-neft sektorunu inkişaf etdirməyə məcbur etdi. Azərbaycan üzərinə sanksiyalar qoyulmasa da neftin qiymətinin enməsi ölkədə qeyri–neft sektoruna yeni investisiyaların yatırılması üçün şans yaradır.(anspress)
İnterpress.az