Yeni il öncəsi Mərkəzi Bank xalqa hədiyyəsini etdi. 2015-ci il ərzində ən yüksək faizlə yəni 50%-ə qədər anidən dolların başını buraxan bank, bu il ərzində ümumilikdə 100% -ə qədər manatı ucuzlaşdırdı.
Əlbəttə ki, günahkar bank deyil, sadəcə biz insanlar hər zaman günahkar axtarmaq instinki ilə hərəkət etdiyimiz üçün dərhal Mərkəzi Banka diş qıcıyırıq. Bütün dünyada iqtisadi böhran olanda televiziyalarımız güllük-gülüstanlıqdan dəm vururdu. Hələ kanallarımızın birində aparıcı çıxıb: “Dünyada baş verən böhranın Azərbaycana aidiyyatı yoxdur və olmayacaq da” deyəndə müasir media dili ilə desək “ŞOK” olmuşdum.
Daha betərini isə, eyni kanalın başqa bir aparıcısı etmişdi. 2012-ci ilə dünyanın dağılacağı haqqında xəbərlər yayılanda, aparıcı: “Azərbaycan günü-gündən inkişaf edən ölkədir, iqtisadiyyatımız güclənir və yüksəlir. Dünyanın dağılmasının Azərbaycana heç bir təsiri olmayacaq. Azərbaycan güclü dövlətdir” deyəndə isə ayaqlarım yerə yapışdı. Bir anlıq xəritəni götürüb baxmaq istədim, bəlkə Azərbaycan Yer Planetindən köçüb?
Türklərdə bir misal var, “Dəlidir, nə etsə yeridir”. İndi mən də bu misalı bəzilərini çıxmaqla, bir çox aparıcılar üçün “aparıcıdır, nə etsə yeridir” deyib, çoxları kimi bu aparıcıları ciddiyə almıram və gülüb keçirəm sadəcə.
Gəlirəm sözümün canına. Ölkədə nə baş verirsə bu aparıcılar çıxıb insanlara dərs verir, yol göstərir. Niyə?
Bu ölkədə ekspertlər, mütəxəssislər yoxdu? Mərkəzi Bankın nümayəndələri, iqtisadçı-millət vəkilləri, QHT nümayəndələri, müstəqil iqtisadçı ekspertlər hardadı ki, aparıcılar onları əvəz edir?!
Bina yanır, aparıcı danışır, dünya dağılanda aparıcı danışır. Ailədə ər-arvad arasında nəsə alınmır, aparıcı kömək edir. Dollar bahalaşır aparıcı danışır. Bu aparıcıları niyə yükləyirsiz axı? Yenə qeyd edirəm, sözüm bəzi aparıcılaradır. Ümumiləşdirmirəm. Bu aparıcılar öz sahələrindən başqa bütün sahələri yaxşı bilir deyəsən.
Keçək devalvasiya məsələsinə. Hər dəfə devalvasiya olanda məni ağrıdan və üzən əsas başqa məsələdir. İnsanların təşvişi və market sahiblərinin qansızlığı. Bəli sözün əsl mənasında qansızlığı. Bu işbazlar pul qazanmaq üçün hər vəziyyətdən istifadə edirlər. Hər dəfə dollar qalxanda mağaza sahibləri marketlərini bağlayır. Daha əvvəl və köhnə qiymətlərlə aldıqları malları belə satmırlar. Adama deyən lazımdır, hələ Tarif Şurası qiymətlərə baxmayıb, istehsalçı firmalar qiymətləri qaldırmayıb, sənə nə olub?
Nədir bu acgözlüyün səbəbi? Bir gecədə varlanmaqmı?
Başqa izahi ola bilməz. Varlanmaq, güclü olmaq, üstün olmaq…
Məmurlar kimi, məmur övladları kimi…
Aşıq gördüyünü çalar deyirlər, bizim də insanların gördüyü budur. Pulu olan, başqasını pulu ilə əzməlidir. İnsanlar bunu görə-görə unudublar ki, biz ən ağır müharibə sınaqlarından keçmişik. İkinci Dünya müharibəsində daha ağır günlər yaşamışıq. Deyək ki, biz gənclər o dövrləri görməmişik, axı bu biznesmənlər, sahibkarların yaşına baxanda heç olmasa bir çoxu o dövrü görüb. Özləri görməsələr belə ata-anaları görüb. Daha yaxın tariximizdə müstəqillik dövründə olan çətinliklər, qıtlıq, işğallar…
Axı biz bu sınaqlardan pis-yaxşı çıxıb müstəqil olduq. Müstəqil olduq ki, bir birimizi aldadaq? Müstəqil olduq ki, başqasının belinə çıxıb yüksələk və zəngin olaq?
Sadəcə zəngin sizsiniz? Bütün dünyada zənginlər var. Onların yaşayış tərzini və xeyriyyəçiliyi, yardım kampaniyalarından xəbəriniz yoxdur? Azərbaycan tarixində milyoncular olub. Heç oxumamısınız onların həyatı və yaşayış tərzləri haqqında? Əlbəttə ki, başınız o qədər pul qazanmağa qarışıb ki, puldan başqa kağız parçasının olduğunu da unutmusunuz.
Yazı uzun olmasın deyə, Ağamusa Nağıyevin, Hacı Zeynalabdin Tağıyevin, Ağabala Hacıqulu oğlu Quliyev, Aşurbəyova Nabat Xoca qızı, Gövhər ağa, Hacı Hacıağa Dadaşov, İsa bəy Əbdülsalam bəy oğlu Hacinski, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Teymur bəy Aşurbəyov, Yusif ağa Dadaşov, Teymur bəy Qulubəyov kimi kişili-qadınlı milyonçuların həyat və fəaliyyət tarixini yazmayacam, maraqlananlar bir az oxusunlar. Milyoncularımız əvvəl də olub. Çətinliklər onların dövründə də olub, amma onlar bu çətinliklərdə daha da zəngin olum deyə, insanların qanını içməyib. Əksinə xeyriyyəçilikdə yarışa giriblər. Üstəlik, heç biri də məmur ya da məmur balası olmayıb. Asan qazanmayıblar pulu, amma asanlıqla xeyriyyəçilik edə biliblər. Ölkədəki yardımlaşmanı bir tərəfə qoyaq, hələ üstəlik \”Qardaş Köməyi\” adlı xeyriyyə cəmiyyəti və bir də \”Müsəlman Qardaşları Cəmiyyəti\” quraraq Zeynalabdin Tağıyevin təşəbbüsü və vasitəsi ilə yardım toplanıb 1915-ci ildə Türkiyəyə belə dəstək olurdular.
Baxmayaraq ki, indiki zənginlərin çoxu məmur və ya məmur balalarıdır, pulları heç də çətin yollarla qazanmayıblar. Buna baxmayaraq asanlıqla xeyriyyəçilik etmirlər, hətta xeyriyyəçiliyin nə olduğunu belə bilmirlər.
Bu dediklərimi də ümumiləşdirmirəm təbii, bəlkə aralarında elələri var ki, “sağ əlin verdiyini sol əl bilməz” prinsipi ilə yaşayır, bunu bilə bilmərik. Nədənsə öz dediyimə özüm də inanmadım, amma hər halda ümumiləşdirmək zərərlidir.
Xeyriyyəçilik etmək də bir əxlaq, bir mədəniyyətdir. Amma xeyriyyəçilik etməyəsən, üstəlik də yaranan vəziyyətlərdən daha da zəngin olmaq üçün istifadə edəsən, bu artıq heç bir əxlaq normasına və anlayışına sığmır.
Bəyzadələr, biraz özünüzə gəlin! 5 manat qazanc üçün bütün dəyərləri ayaqlar altına almayın. Pul çox şeydir sizin üçün bəlkə, amma hərşey demək deyil.