“Qafqazinfo”ya daxil olan məlumata görə, komitənin davam etdirdiyi mühüm tədbirlərindən biri də sosial layihə olan və xidmətləri bilavasitə vətəndaşın ünvanına çatdıran “Kütləvi çıxarış” kampaniyasıdır. Belə ki, yeni ildə ilk “Kütləvi çıxarış” kampaniyası bu gün Yevlaxda keçirilib. Sosial əhəmiyyətli kampaniya çərçivəsində rayon sakinlərinə bilavasitə yerlərdə və ünvanlarda evlər, mənzillər və torpaqların qeydiyyatına dair operativ xidmətlər göstərilib. Bu xidmətlər dövlət reyestrindən çıxarışların təqdim olunması və ilkin mülkiyyət sənədlərinin qəbulunu əhatə edir.
Yevlax rayonunun bir neçə kəndindən olan 200-ə yaxın sakin ərazi idarəsinə getmədən komitənin mobil ofisləri vasitəsilə çıxarış əldə ediblər. Həmçinin, 100-ə yaxın vətəndaşdan onların mülkiyyətinə dair ilkin sənədlər qəbul olunub.
Yeni ildə kampaniya daxilində yeni aksiyaya da start verilib. Belə ki, kampaniya çərçivəsində komitənin hüquqi yardım aksiyası da keçirilir. Komitənin hüquqşünasları kampaniyada iştirak edən vətəndaşlara evlər, mənzillər, torpaqlara çıxarış və texniki pasport, yüklülük və digər arayışların alınması, qeydiyyat üçün zəruri ilkin sənədlər, çatışmayan sənədlərin əldə olunması, uyğunsuzluqların aradan qaldırılması, dövlət rüsumu və xidmət haqları, qeydiyyat proseduru və mərhələləri ilə bağlı hüquqi izah və istiqamət veriblər. Aparılmış hüquqi maarifləndirmə nəticəsində vətəndaşlara çatdırılıb ki, qeydiyyata alınmış əmlak hüquqi təhlükəsizdir və perspektiv gəlir mənbəyidir.
Həmin gün komitənin mobil ofisləri vasitəsilə mütəxəssislər bir neçə fiziki məhdudiyyətli vətəndaşın evinə gedərək çıxarışları elə onların evində təqdim edib. Birbaşa evlərdə xidmətlərin göstərilməsi maksimum əlçatanlığı, vaxta qənaəti və rahatlığı təmin etmək məqsədi daşıyır. Kampaniya vətəndaşın ərazi idarəsinə müraciət, idarəyə gəlib-getmə məcburiyyətlərinə son qoyur, nəqliyyat xərclərinin qarşısını alır, qeydiyyatla bağlı dövlət xidmətlərini birbaşa ünvana çatdırır. Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.
Qeyd edək ki, təkcə 2015-ci ildə kampaniya 16 şəhər və ya rayonda həyata keçirilib. Kampaniya başlayandan bu günədək ümumilikdə 6000-dən çox vətəndaş kampaniyadan faydalana bilib.
İnterpress.az