Bakı bazarlarında satılan balıqlar sanitar normalara cavab verirmi? – FOTOLARbackend

Bakı bazarlarında satılan balıqlar sanitar normalara cavab verirmi? – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu mövzunu araşdırmaq üçün el arasında “Vosmoy” bazarı adlanan “Ticarət Mərkəzi-4” ASC-yə baş çəkdik.

Bazarın bir neçə yerində balıq satışına rast gəlmək mümkündür. Amma bunlar arasında həm də gözə çarpan fərqlər var. Bazarın içərisində piştaxta üzərinə səliqə ilə düzülən növbənöv balıqlar, belə desək, müştəriyə “gəl-gəl” deyir. Satıcı tez-tez balıqların üstünü sulayır, təmizləyir. Balıq mövsümü bitməkdə olduğundan, satıcı deyir ki, alıcılar nisbətən azdır, amma yenə də balıq tutub gətirirlər:

“Sazan var, kilosu 7 manata – bunu Naxçıvandan gətirirlər. Digərləri isə burada Xəzərdən tutulur. Məsələn, berj, kefal və s. Berjin qiyməti 6-7 manatdır, kefalın kilosunu isə 5 manata satırıq”, – deyə satıcı Gülheydər Abdullayev məlumat verir.

Bu bazarlarda satılan balıqların mənşəyi ilə bağlı fikirlər isə müxtəlifdir. Satıcı bunların dənizdən tutulduğunu desə də, bəziləri hesab edir ki, həmin balıqlar Bakı ətrafındakı göllərdən, ekoloji natəmiz yerlərdən gətirilir. G.Abdullayev bildirir ki, bunları ayırd eləmək üçün hansısa vasitə, ya da aydın gözə çarpan fərq yoxdur. Sadəcə, etibar olunmayan yerlərdən balıq almamaq kifayətdir:

“Göldən tutulan balıqla dənizdən tutulan balığı ayırd etmək, demək olar ki, mümkün deyil. Baxan kimi görünən ciddi fərq yoxdur deyə, ancaq çox peşəkar adamlar fərq tapa bilər. Amma təzə balığı müəyyən eləmək asandır. Gərək balığın şirəsi üstündə olsun və qəlsəmələri qırmızı olsun. Əgər belədirsə, balıq təzədir”.

Alıcı İlham Qurbanov da satıcının sözlərini təsdiqləyib deyir ki, hər yerdən balıq almır, daimi müştərisi olduğu yerdən almağa üstünlük verir:

“Nə bilim ki, o balığı haradan tutublar? Birdən natəmiz yer oldu? Ona görə də, qiymətinə əhəmiyyət vermirəm, mənim üçün vacib olan keyfiyyətli məhsul olmasıdır”.

Qeyd etdiyimiz kimi, bazarın balıq satılan hissəsi təkcə bura deyil. Göyərti, kartof, soğan piştaxtalarını arxada qoyub balıq qoxusunun müşayiəti ilə yerdə düzülən yeşik-yeşik balığın yanına çatırıq. Burada satılan məhsulların qiyməti içəridəkindən qat-qat ucuzdur. Yeşiklərdən birinə işarə edib balığın qiymətini soruşuruq. Satıcı balığın üstündəki milçəyi qova-qova deyir ki, dənizdən tutulub, kefaldır və kilosu da 1 manat 50 qəpikdir. Maraqlıdır ki, Naxçıvandan gətirilən sazanın kilosu burada da 7 manata satılır.

Burada da çeşid içəridəki ilə eynidir, fərq ondadır ki, alıcı nisbətən daha çoxdur və qiymət ucuzdur. Alıcılardan biri deyir ki, onsuz da Xəzər ekoloji baxımdan ürəkaçan vəziyyətdə deyil, ona görə də, balığın haradan tutulduğunun onun üçün ciddi fərqi yoxdur:

“Büdcəmə uyğun olan qiymətə balığı ancaq buradan ala bilirəm. Əgər bahalı yerdən alsam, gərək balıq mövsümündə evə ancaq bir dəfə balıq alım”, – deyə İdris Əhmədov bildirir.

Vəziyyət göstərir ki, balığın qiyməti, insanların büdcəsinə uyğun məbləğdə satılması onun keyfiyyəti və hansı şəraitdə tutulması kimi amilləri arxada qoyur.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə hesab edir ki, balıq satışına dövlət nəzarəti mütləq lazımdır: “Balıq məhsulları tez xarab olan və xüsusi saxlanma şəraiti tələb edən məhsuldur. Bunlar soyuducu kameralarda saxlanmalıdır və satış da birbaşa soyuducu kameradan həyata keçirilməlidir”.

Balıqların tutulduğu yerlərdən də danışan ekspert vurğuladı ki, küçədə satılan balıqların heç də hamısını çirkli göllərdən tutulan balıq kimi qiymətləndirmək olmaz.

“Çirkli göllərdən tutulan balıqlar bazarın içərisində də satılır. Buna ciddi nəzarət etmək lazımdır ki, ekoloji təmiz olmayan yerlərdən balıq tutulmasın. Ümumiyyətlə, kimsə satış üçün yox, özü üçün tutsa belə, buna da nəzarət edilməlidir. Bazarın daxilində satılan balıqlardakı qiymət fərqi satıcıların bazar rəhbərliyinə ödəniş etməsi ilə bağlıdır”, – V.Məhərrəmov bildirdi.(virtual)

İnterpres.az