Paytaxtın müxtəlif yerlərində yanvar ayının əvvəlindən bağlanan “exchange”lər artıq bir müddətdir ki, işləyir.
Bu, son günlər valyutadəyişmə məntqələrinin açılacağı haqda yayılan xəbərlərlə eyni vaxta təsadüf edir.
Qeyd edək ki, son vaxtlar “exchange”lərin yenidən fəliyyətə başlayacağı ilə bağlı məlumatlar dolaşırdı.
Valyutadəyişmə məntəqələrinin fəaliyyəti ilə bağlı rəsmi qərar hələ ki, verilməyib. Lakin bir neçə valyutadəyişmə məntəqəsi artıq fəaliyyətə başlayıb.
28 May küçəsində bir neçə məntəqə, “Neftçilər” və “Qara Qarayev” metrostansiyalarının çıxışında, \”8-ci kilometr bazarı\”nda, Bakıxanov qəsəbəsində, “Sədərək” və “Binə” ticarət mərkəzlərində bağlanan “exchange”lər yenidən fəaliyyətə başlayıb.
Saytın əməkdaşı bu ünvanlardan bir neçəsinə baş çəkib, onların fəaliyyətləri ilə maraqlanmağa çalışıb. Müştəri kimi qəbul edildiyi məntəqələrdəki şəxslər fəaliyyətləri ilə bağlı rəsmi göstərişin olub-olmamasına yönəlik suallara cavab verməkdən imtina ediblər.
Valyuta mübadiləsinin aparıldığı məntəqələrdə yalnız dolların günlük məzənnəsi göstərilir. “Exchange”lərdə 1 dollar 1.45-1.50 manata satılır.
Xatırladaq ki, valyutadəyişmə mətəqələrinin lisenziyası Mərkəzi Bank tərəfindən 2016-cı il, yanvarın 13-də ləğv edilib. Səbəb olaraq isə \”exchange\”lərin süni bahalaşmaya səbəb olması göstərilirdi.
Mövzu ilə bağlı sayt Azərbaycanın Mərkəzi Bankına rəsmi sorğu ilə də müraciət edib. İş günü olmadığından müraciət hələlik cavablandırılmayıb.
İnterpress.az