\”Dəmirbank\” tərəfindən aldadıldıqlarını iddia edən həmin əmanətçilər arasında Azərbaycanın azadlığı, müstəqiliyi yolunda bütün ömrünü fəda etmiş görkəmli şəxsiyyət, xalq şairi Xəlil Rza Ulutürkün Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş oğlu, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin qardaşının ailə üzvlərinin də olduğu məlum olub.
Bu ailələrdən 7 nəfər əmanətçi artıq müddəti başa çatmış müqavilələrə əsasən bir neçə dəfə banka müraciət etmələrinə baxmayaraq \”DəmirBank\” (Bayıl filiyalı və baş ofis) əmanətçilərin pulunu min cür bəhanə ilə geri qaytarmır. Əmanətçilər isə iddia edirlər ki, həmin pullar mənimsənilib. Bank rəhbərliyi əmanətçilərə bildirib ki, pul filialda yoxa çıxıb.
Aydındır ki, külli-miqdarda pulu filial müdiri təkbaşına mənimsəyə bilməz. Bank rəhbərliyi pulları geri qaytarmaq üçün bir neçə dəfə vaxt təyin etsə də, dedikləri vaxtda pulları geri qaytarmayıb. \”DəmirBank\” müşahidə şurasının sədri Rəhman Hacıyev, onun kürəkəni, bankın idarə heyətinin sədri Fərid Abbasov, \”Bayıl\” filialının müdiri Fərəh Rəşadətli, müxtəlif vaxtlarda \”Bayıl\” filialını yoxlayan, lazım gəldikdə müdiri əvəz edən, bu işlərlə əlaqəsi olan Oqtay Şirinov və uzun müddətdir ki, bu məsələləri araşdırdığını deyən baş direktor Oktay Əliyev bu barədə məlumatlı olsalar da məsələnin həll olması üçün ciddi bir addım atmırlar.
Əmanətçilər bildirir ki, onların \”DəmirBank\”da depozit hesabı açmalarına səbəb bankın xarici səhmdarlarının olması olub. \”DəmirBank\”ın xarici səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Əmanətçilər düşünüb ki, əgər bir bankın xarici səhmdarı varsa, o bankda fırıldaq və mənimsəmə olmayacaq.
Məsələ ilə bağlı \”Qarabağ Qaziləri\” İctimai Birliyinin sədri Etimad Əsədov da açıqlama verib:
\”Ali baş komandan, İlham Əliyev cənabları rayonlarda, bölgələrdə qaçqınlarla, əlillərlə görüşəndə həmişə məmurlara tapşırır ki, qaçqınlara, əlillərə, şəhid ailələrinə yüksək qayğı göstərilməlidir. Təəssüflər olsun ki, nəinki kommersiya qurumları, biznes təşkilatları, hətta məmurlar belə qaçqın, əlil və şəhid ailələrinə diqət göstərmirlər. Banklar Azərbaycan xalqını etdikləri özbaşınalıqlarla dövlətin üzərinə qaldırırlar. Deyirlər banklara diqqət ayrılmalıdır, onları qorumaq lazımdır. Bankları qoruyuruq onlar da bizi donor gözündə görür, qanımızı sorurlar. İnsanlar banka etibar edib əmanət qoyur, bank deyir qaytarmıram. Niyə, səbəb? Şəhid ailəsinin, lap elə heç bir imtiyazı olmayan vətəndaşın banka, bank rəhbərinin dədəsinə borcu var ki, o əmanətləri qaytarmırlar? Bu məsələyə yüksək səviyyədə baxılmalıdır və məsələni həll etmək lazımdır\”.
\”DəmirBank\”ın marketinq departamentinin direktoru Anar Bayramov bildirib ki, \”DəmirBank\”a da məktub yazıblar, oxşar adlarıdır, məsələni aydınlaşdırırlar.
A.Bayramov həmin əmanətçilərin sənədlərinin saxta olduğunu da iddia edib:
\”O sənədlər hansı şəraitdə hazırlanıb, nə dərəcədə həqiqidir biz onlara baxırıq. Bizdə elə bir əmanətçi yoxdur\”.
Bankın rəsmisi hüquq-mühafizə orqanlarına müraciət etmədiklərini də qeyd edib:
\”Biz hələ ki, məsələni daxildə araşdırırıq. Səhv etmirəmsə onların \”DəmirBanka\” qarşı iddiaları yoxdur, şəxsin adını (filial müdiri – red.) yazıblar. Onlar hər hansısa bir şəxsə qarşı iddia irəli sürülər, biz də o şəxslə görüşürük, araşdırırıq. Ola bilər o adamların kimsə pullarını alıb. Bəlkə də kimsə \”DəmirBank\” adından istifadə edib. Mətbuatda bu yazılar çıxıbsa istintaq yəqin ki, araşdırmaya başlayıb\”.
Zəruqi qeyd: Mətndə adı keçən hər bir şəxs və qurum mövqeyini bildirə bilər. (Ölkə)
İnterpress.az