Belə olduğu təqdirdə vətəndaşlarımız xərclərini minimuma endirməyə çalışırlar. Kənarda nahar etmək, əyləncə məkanlarını siyahıdan çıxartmaq, alış-verişi azaltmaq… Bəs tətil? İnsanlar yay tətillərindən də vaz keçirlərmi?
Turizm agentliyində gözləntimizdən fərqli cavab aldıq: \”Xaricə gedən azərbaycanlıların sayı azalmayıb, əksinə, artıb. İyun ayı üçün Türkiyəyə olan turlara artıq yer qalmayıb. Hamı tətilə gedir. Hə, çalışırlar ki, bahalı olmasın. Amma tətildən qalan olmur\”.
Əvvəllər İstanbul üçün qiymətlər 365 manat idisə, indi 335 manatdır
Manatın devalvasiyasından sonra AZAL-ın qiymətlərdə endirim etməsi, yəni baqajsız olaraq səfərlərin daha ucuza başa gəlməsi, qiymətlərin ucuzlaşmasına səbəb olmayıb.
Məsələn, ötən il Moskvaya səfərin qiyməti 200 manat idi, indi 175 manatdır. Əvvəllər İstanbul üçün qiymətlər 365 manat idisə, indi 335 manatdır. Amma bir məsələ var ki, bu qiymətlərdə baqaj hesaba alınmır. Baqajınız varsa qiymət avtomatik artır, hətta əvvəlkindən də çox olur.
Əvvəl 365 manata gedişə də, gəlişə də baqaj daxil idi, indi isə daxil deyil. Gedəndə də 35, gələndə də 35 manat verməlisiniz. Nəzərə alsaq ki, tətil məqsədilə xaricə gedənlərin mütləq baqajı olur, deməli, səfər baha-başa gəlir.
\”Vətəndaşlarımızın xaricə getmələrinə səbəb, yerli turizm obyektləridir\”
Digər turizm agentliklərində isə fərqli cavab aldıq. Onların sözlərinə görə, tətil üçün xaricə üz tutan vətəndaşlarımızın sayı qat-qat azalıb: \”Devalvasiyadan sonra bu azalma daha çox idi. Heç kim cibindəki pulu çıxartmaq istəmirdi. Aprel ayından etibarən camaat buna da alışdı və artıq müştərilərin sayı artır. Amma bu artma nə qədər olsa da, əvvəlki vaxtlara çata bilməz. 50-60 faiz azalma var. Bunu qapatmaq mümkün deyil. Varlı adamlar üçün fərqi yoxdur. Onlar Avropa ölkələrindəki tətillərindən vaz keçmirlər.
Orta və kasıb təbəqəni isə pul düşündürür. Orta təbəqə Türkiyə və ya Gürcüstana gedirdisə, artıq onların da 50 faizi bundan vaz keçib. Ya şəhərdə tətil edirlər, ya da rayonlarda yaşayan qohumlarının yanına gedirlər. Ölkə daxilində olan turizm obyektlərində tətil etmək onlara sərf etmir. Hesab-kitab aparanda, Avropada tətil etmək daha sərfəli olur. Bizim ölkəmizdə olan turizm obyektlərindəki qiymətlər dəhşətli şəkildə bahadır. Bu qiymətlərə görə ölkəmizə turist gəlmir. Xarici vətəndaşlar getdikləri ölkəni internet üzərindən dəfələrlə araşdırırlar. Facebook üzərindən həmin ölkədən olan dostlar tapırlar. Onlarla söhbət edib, məsləhət alırlar. Yəni ki, artıq kiməsə 10 manatlıq yemək verib, 100 manat almaq mümkün deyil.
Əslində vətəndaşlarımızı xaricə getməyə vadar edən də elə budur. Öz ölkəsində olan 3 günlük tətil xərcinə, 5 gün Avropada dincəlmək olar. Əgər qiymətlər varlıların yox, ölkənin əsas hissəsinin, yəni kasıb təbəqənin cibinə uyğunlaşsa, insanlarımız normal şəkildə öz ölkələrində tətil edərlər. Üstəlik xaricilər də buraya üz tutarlar.
Nəzərə almaq lazımdır ki, Türkiyə hazırda turistləri çox da cəlb etmir. Çünki son terror hadisələri onları qorxudub. Rusiya kimi nəhəng ölkənin vətəndaşlarını buraya çəkə bilərdik. Amma bu xidmət və bu qiymətlərlə bunu etmək mümkün deyil. Yalançı statistika ilə heç kimi aldatmaq olmaz\”. (musavat)
İnterpress.az