Son günlər ABŞ dolları yenidən manata qarşı möhkəmlənməkdə davam edir. Belə ki, iyun ayının 10-a dolların kursu 1,5114 manat dəyərində olub. Dünya bazarında neftin qiymətinin bahalaşdığı bir dövrdə milli valyutanın dəyər itirməsi isə birmənalı qarşılanmır. Bəs bunun səbəbi nədir? Yaxın gələcək üçün proqnozlar necədir?
\”Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov qəzetimizə açıqlamasında qeyd etdi ki, manatın məzənnəsi onun real bazar dəyərini əks etdirməlidir: \”Mütəxəsisslər bu ilin ikinci yarısından sonra neftin qiymətlərinin 50-60 dollar, gələn il isə 60-70 dollar arasında olacağını proqnozlaşdırırlar. Bizim də apardığımız müşahidələr qiymətlərin təxminən belə bir səviyyədə dəyişəcəyini deməyə əsas verir. Valyuta gəlirlərimizin böyük bir hissəsinin məhz neft satışından olduğunu nəzərə alsaq, əslində bu dəyişikliyin manatın məzənnəsinə müsbət təsirinin mümkünlüyünü söyləmək lazımdır. Lakin bir məsələni nəzərdən qaçırmaq olmaz ki, valyuta gəlirlərinin həcmindən asılı olmayaraq, manatın məzənnəsi onun real bazar dəyərini əks etdirməlidir”.
İqtisadçının sözlərinə görə, manatın bugünkü məzənnəsi real sektordan ixracın stimullaşdırılmasına təkan verə biləcək həddədir: \”Biz pul-kredit siyasətində ötən illərdə yol verilmiş səhvləri təkrar edə bilmərik. Odur ki, bundan sonra dünya bazarlarında neftin qiymətlərinin necə dəyişməsindən asılı olmayaraq onun məzənnəsində hər hansı bir kəskin dəyişikliyin baş verməsi gözlənilən deyil. Manatın dəyərində baş verən müəyyən cüzi dəyişikliklər isə onun üzən məzənnəyə keçməsindən sonra tam təbii qarşılanmalıdır”.
İqtisadçı ekspert Samir Əliyevin fikrincə, manatın dəyər itirməsinə səbəb olan bir neçə amil var: \”Baxmayaraq ki, ölkədə rəsmi olaraq üzən məzənnəyə keçid elan edilib, manat bu gün üzən məzənnə rejimində deyil. Üzən məzənnə tələb və təklif əsasında formalaşır. Neftin bahalaşması bir çox ölkələrin milli valyutalarının möhkəmlənməsinə ciddi təsir göstərdi. Neft bahalaşdığı təqdirdə ölkəyə çoxlu dollar gəlir. Bu da milli valyutanı möhkəmləndirir. Bizdə isə manatın kursu inzibati metodlarla tənzimlənir. Bunun nəticəsində manat kütləsi məhdudlaşdırılıb. Banklar manat tapmır ki, dollar alsınlar. Son iki-üç gün ərzində əks proseslər müşahidə olunur. Bunun nəticəsində Mərkəzi Bank may ayında pul kütləsini 10 faiz artırıb”.
Ekspert qeyd etdi ki, bank sektoruna pul daxil olduğundan dollara olan tələbat artıb: \”Bundan başqa, bankların xarici borcları var ki, bu borcları qaytarmaq üçün onların dollara ciddi tələbatı yaranıb. Məhz buna görə də son günlər ərzində dollar bahalaşır. İyunun 14-15-i FES-in iclası keçirilməlidir. Ehtimal olunur ki, uçot dərəcəsi qaldırılsın. Əslində son proseslər bu ehtimalı azaldıb. Lakin əgər ABŞ uçot dərəcəsini qaldırsa, dolların mövqeyi yenidən möhkəmlənəcək. Bu isə öz növbəsində manata olan təzyiqləri artıra bilər. Lakin hesab edirəm ki, yay ayları ərzində manatın güclü ucuzlaşması gözlənilmir. İstənilən halda məzənnə 1,50-1,60 manat arasında dəyişəcək. Payız aylarına qədər manatın bu intervaldan çıxacağı gözlənilmir”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Nicat Hacızadə qəzetimizə açıqlamasında bildirdi ki, neftin qiymətinin qalxması fonunda iqtisadi məntiqə əsasən ölkənin yerli valyutası möhkəmlənməlidir. Amma Mərkəzi Bank tərəfindən müəyyən olunan məzənnədə biz ayrı amillərlə qarşılaşırıq: \”Biz bilirik ki, ölkədəki valyuta tənzimlənməsi tələb-təklif əsasında formalaşır. Bu təklif də auksionlarda müəyyən olunur. Düzdür, bəzən Mərkəzi Bank bazara müdaxilə edir, xarici valyutaya tələb yaradır. Amma buna baxmayaraq, tələb və təklifi banklar müəyyən etdiyi üçün bazarda neft faktorunu kənara qoyuruq. Bəli, məsələyə daha uzaqdan baxsaq, neftin dünya bazarında qalxmasının da dolayı yolla təsirləri var”.
Ekspert yaxın gələcəkdə manatın möhkəmlənmə prosesinin baş verəcəyini bildirdi: \”Ölkəyə xarici valyutanı gətirmək üçün çalışmaq lazımdır. İnvestisiyaların sayını artırmaq lazımdır. Bu zaman ölkəyə gələn xarici valyutanın həcmi artacaq və bütün bunlar ölkənin pul-kredit siyasətinə təsir edəcək. Ümid edirik ki, qarşıdakı müddətdə ölkədə pul tənzimlə siyasəti daha da təkmilləşəcək. Proqnoz belədir ki, yaxın zamanda neftin qiymətinin qalxması fonunda manatın möhkəmlənməsi prosesi başlaya bilər”.
İnterpress.az