Bu günlərdə geni dəyişdirilmiş çay və taxıl məhsullarının Azərbaycana gətirilməsini yasaqlayan qanun layihəsinin qəbulu gözlənilir.
Maraqlıdır, GMO məhsulları ilə bağlı qadağanın bütün ərzaq məhsullarına deyil, ayrı-ayrılıqda müəyyən məhsullara tətbiq edilməsi nə dərəcədə məntiqlidir? Niyə bu qadağa bütün ərzaq məhsullarına şamil edilmir?
Bununla bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əslində digər məhsullarla bağlı da bəlli qadağanın mövcud olduğunu vurğuladı:
“Geni dəyişdirilmiş toxumların, malların Azərbaycana gətirilməsini yasaqlayan çoxsaylı qanunlar və qərarlar var. Hətta həbs cəzası belə nəzərdə tutulub. Lakin bir sıra toxumlar Azərbaycana tədqiqat üçün gətirilə bilər. Yəni bu toxumları əkib ondan məhsul götürmək olmaz.
Görünür, çay və taxın məhsulları tədqiqat üçün də gətirilə bilməz.
Bu məhdudiyyətlər nə qədər çox olsa, bir o qədər yaxşıdır. Lakin bunu da etiraf etmək lazımdır ki, Azərbaycanda GMO əkinçilik və toxumçuluq var. Çayçılıq Azərbaycanın özəl təsərrüfat sahəsidir. Bu sahənin qorunması üçün belə qanun dəyişikliyi edilib. Ancaq onu da qeyd edək ki, əslində bütün məhsullar üçün bu cür məhdudiyyətlər və qadağalar mövcuddur”. (moderator.az)
İnterpress.az