Azərbaycan narkobaronların hədəfindədirbackend

Azərbaycan narkobaronların hədəfindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Batumi limanında Azərbaycandan keçib bu ölkəyə daxil olan narkotiki saxlaması barədə açıqlaması yenidən bu mövzuda bir sıra sualları gündəmə gətirib.

Qonşu dövlətin güc strukturunun yaydığı məlumatdan bəlli olur ki, 213 kiloqram heroin yüklənmiş yük maşını Azərbaycan ərazisinə İrandan daxil olub. Azərbaycan ərazisində 2 sərhəd-gömrük məntəqəsini keçirməklə qonşu dövlətin ərazisinə ötürülüb. 213 kiloqram heroinin son nöqtə olaraq Hollandiyaya aparılacağı haqda da məlumat var.

Azərbaycanda və Gürcüstanda böyük rezonansa səbəb olan bu xəbərlə bağlı Azərbaycanın müvafiq qurumları susqunluq nümayiş etdirir. Xatırladaq ki, 2 il əvvəl, 2014-cü il iyulun 11-də daha böyük partiya heroin – 2 ton 790 kiloqram maye uyuşdurucu Azərbaycan ərazisindən Gürcüstana keçirilmişdi.

Məlum olmuşdu ki, yük maye sabun adı altında daşınıb. Yükün Moldovaya aparılması nəzərdə tutulubmuş. Azərbaycan rəsmilərindən cavab ala bilməsək də, Gürcüstan DİN-in rəsmisi sorğumuza yazılı şəkildə rəsmi cavab vermişdi. Həmin cavabı bir daha təqdim edirik: “Sorğunuza cavab olaraq bildiririk ki, Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Departamentinin 2-ci İdarəsində narkotiklərin qanunsuz daşınması faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 262-ci(külli miqdarda narkotiklərin qanunsuz daşınması) maddəsi ilə N 00911071404 nömrəli cinayət işinin istintaqı aparılır. 12 iyul 2014-cü ildə Batum şəhərində, Senaki-Poti-Sarpi yolunun üzərində yerləşən Sərhəd Departamenti zonasında əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Nəticədə 3 nəfərdən ibarət mütəşəkkil dəstə üzvləri yaxalanıb. Onlardan xüsusilə külli miqdarda narkotik vasitə götürülüb. Tutulanlardan biri Türkiyə, ikisi isə Gürcüstan vətəndaşıdır”.

G.Saxokianın imzaladığı rəsmi cavabda 2 ton 790 kiloqram heroinin Azərbaycan ərazisinə necə daxil olması, iki sərhədimizi necə aşması, ölkə ərazisindəki 500 kilometrlik yolu maneəsiz keçməsini kimlərin təmin etməsinə aydınlıq gətirilməmişdi və bu gün də gətirilməyib. Bu gün də bəlli deyil ki, bu daşımaların arxasında hansı ölkənin narkobaronu dayanır.

Bu uğurlu əməliyyatdan sonra belə ehtimallar vardı ki, qonşu ölkə narkotacirlər üçün riskli olduğundan Gürcüstan narkotik marşrutundan çıxarılacaq. Məlumdur ki, narkoqaçaqçıların əfqan mənşəli narkotikləri Avropaya daşımaq üçün istifadə etdikləri 2 əsas marşrut Azərbaycan və Gürcüstan üzərindən keçir. Narkosindikatların istifadə etdiyi alternativ marşrutlar da var. Bunlar – Əfqanıstan, İran, Azərbaycan və Rusiya və ya Əfqanıstan – İran – Dağlıq Qarabağ-Ermənistan marşrutudur. Amma bu marşrutlardan istifadəyə üstünlük verilmir. Əfqanıstan-İran – Azərbaycan – Gürcüstan-Avropa və ya Əfqanıstan-Orta Asiya-Azərbaycan-Gürcüstan-Avropa marşurutu illərdir ki, ən uyğun marşrutdur.

Gürcüstan güc strukturlarının 1 il fasilə ilə həyata keçirdiyi antinarkotik əməliyyatları qonşu dövləti narkotrafik zəncirinin qırılmış halqasına çevirməkdədir. Təəssüf ki, Azərbaycan haqda eyni sözləri yazmaq üçün əlimizdə yetərli məlumatlar, faktlar yoxdur.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə, gömrük və sərhəd xidməti orqanları maye halında olan heroinin sərhəddən necə keçdiyinə hələ də aydınlıq gətirməyiblər.

Gürcüstanda iyunun 12-də tutulan 213 kiloqram heroinin Azərbaycan ərazisindən necə keçməsinə aydınlıq gətirilməsi üçün Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmət rəisi Natiq Axundovun xidməti 012 404 22 62 nömrəsinə etdiyimiz israrlı zənglər cavabsız qaldı. N.Axundovun [email protected] ailto:[email protected] elektron poçtuna yazdığımız sorğuya da yazı çapa gedənə qədər cavab verilmədi. Həmin sorğuda aşağıdakı sualların cavablandırılmasını xahiş etmişik:

1. Bu əməliyyat haqda Azərbaycan Gömrük Komitəsində məlumat varmı?

2. Bu əməliyyatdan sonra 213 kiloqram heroin yüklənmiş yük maşınının Azərbaycan ərazisinə gömrük-keçid məntəqəsindən daxil olması və digər gömrük-keçid məntəqəsindən Gürcüstan ərazisinə keçməsi ilə bağlı araşdırmalara başlanılıbmı?

3. Gürcüstan gömrük orqanlarına Azərbaycan ərazisindən keçən, qoşqusunda narkotik aşkar edilən yük maşını ilə bağlı sorğular göndərilibmi?

4. Azərbaycan Dövlət Gömrük Komitəsi 213 kiloqram heroinin ölkəmiz ərazisindən keçməsi faktı ilə bağlı xidməti araşdırmalara başlayıbmı?

5. 2014-cü il iyulun 11-də Gürcüstanın Daxili İşlər Nazirliyi Batumi limanına gedən yolda 2 ton 790 kiloqram maye heroin yüklənmiş yük maşını saxlamışdı. Ötən 2 ilə yaxın müddət ərzində 2 ton 790 kiloqram maye heroinin Azərbaycan ərazisindən Gürcüstana ölkəmizin gömrük-keçid məntəqələrindən necə keçirildiyi araşdırılıbmı?

DGK-dan sorğumuza cavab veriləcəyinə ümid edirik. Mövzuya qayıdacağıq. (musavat)

İnterpress.az