İngiltərə Bankı Britaniyanın Avropa Birliyini tərk etməsinə səs verilmiş dünənki referendumdan sonra böhrana girmiş maliyyə bazarlarını dəstəkləmək üçün 250 mlrd funt (345,9 mlrd dollar) ayırmağa hazırdır.
Məlumata görə, İngiltərə Bankının rəhbəri Mark Karni vəd edib ki, requlyator yaxın bir neçə həftə ərzində öz siyasətində mümkün dəyişikliklər barədə qərar qəbul edəcək. İngiltərə Bankının növbəti iclası 14 iyulda keçirilməlidir. Amma bir sıra ekspertlər gözləyirlər ki, requlyator təcili görüş təyin edə bilər.
Karni həmçinin bildirib ki, Britaniya banklarının vəziyyəti 2008-ci il böhranından əvvəlki vəziyyətdən daha yaxşıdır. Stress-testlər göstərir ki, onlar ciddi azalmaya dözə bilirlər. Referendumda britaniyalıların Avropa Birliyindən çıxmağa səs verməsi, həmçinin ölkənin baş naziri Devid Kemeronun istefası dünya bazarlarında çaxnaşmaya səbəb olub.
Karninin çıxışı zamanı Britaniya bazarları 100 mlrd funt kapitalizasiya itiriblər, həmçinin funtun dollar qarşısında ucuzlaşması davam edib. Bir sıra ekspertlər və iqtisadçılar xəbərdarlıq edirlər ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxması ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq.
\”Morgan Stanley\” bankının ekspertləri ehtimal edirlər ki, şirkətlər ölkəyə sərmayə yatırmaqdan imtina edə bilərlər. Bankdan proqnozlaşdırırlar ki, uzunmüddətli perspektivdə Böyük Britaniya iqtisadiyyatı daha qapalı və təlatümlü olacaq. Onun artım potensialı aşağı düşəcək.
24.06.2016-da funt-sterlinqin dollar qarşısında kəskin ucuzlaşması
Bankdan bildirirlər ki, Britaniya referendumu Avropa Mərkəzi Bankı tərəfindən də adekvat reaksiya verilməsinə səbəb olacaq. Bank Avropa aktivlərini və iqtisadiyyatını müdafiə etməyə başlayacaq.
\”Morgan Stanley\” proqnozlaşdırır ki, İngiltərə Bankı pul siyasətini yumşaltmağa və miqdar yumşaltmaları proqramını, yəni yeni buraxılmış pullar hesabına bazardan aktivlərin alınmasını genişləndirməyə davam edəcək.
\”Capital Economics\” analitika şirkətində Böyük Britaniyanın bu ilki ümumi daxili məhsul (ÜDM) artımı üzrə proqnozu 2%-dən 1,5%-ə enəcək. Bu isə Avropa Birliyi ölkələri ilə ticarət müqavilələrin pozulmasına və qeyri-müəyyənliyin artmasına səbəb olacaq. Şirkətdən ehtimal edilir ki, əgər İngiltərə Bankı və xəzinədarlıq ölkə iqtisadiyyatını dəstəkləyərsə, ciddi tənəzzüldən yan keçmək mümkün olacaq. (ans)
İnterpress.az