İyulun 5-də Bakı Fond Birjasında (BFB-də) Dövlət Qısamüddətli İstiqrazlarına (DQİ) əməlli-başlı növbə yaranıb.
Bu istiqrazlar indi ölkənin dövriyyəsindəki yeganə qiymətli kağızlardır. Əllərindəki pulu yatırmağa yer axtaran banklar 20 milyon manatlıq istiqrazları almaqdan ötrü toplam 67,2 milyon manatlıq sifarişlə gəlmişdi.
Faizlər 2 dəfə azaldılıb
BFB-nin açıqlamasına görə, 11 investor 20 sifariş təqdim edib. Onlar, uzağı, 15 faizlik gəlir ümidi ilə sifariş versələr də, tələbatın yüksəkliyindən yararlanan Maliyyə Nazirliyi faizləri 2 dəfə aşağı salmağı bacarıb.
Beləliklə, hərracda 91 gün dövriyyərə olacaq qiymətli kağızlara 7 faiz civarında gəlirlilik qeydə alınıb. Bir ay öncə eyni növ qiymətli kağızların illik faiz dərəcəsi 9-10 faiz arasında olub.
İqtisadiyyatdakı mövcud durum…
\”Kapital Menecment İnvestisiya Şirkəti\” ASC-nin analitiki Cəfər İbrahimov deyib ki, iqtisadiyyatdakı mövcud durum (alternativ investisiya alətlərinin məhdudluğu, kreditləşmədəki problemlər və s.) bankları dövlət qiymətli kağızlarına üz tutmağa vadar edir:
«İstiqrazların son gəlirlilik göstəriciləri əmanətçilərdən cəlb etdikləri vəsaitlərin faiz dərəcəsindən aşağı olsa da, investorlar pulu DQİ-yə dəyişməklə, az-maz gəlir götürməyə üstünlük verirlər.Amma başqa çıxış yolu da yoxdur. Əslində isə, indi manat ifadəsilə buraxılan dövlət istiqrazları üçün 7 faiz göstəricisi ən kritik nöqtədir». (azadlıq)
İnterpress.az