Cənubi Afrikaya səyahətə gedən cütlüyə silahlı hücum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvadan olan cütlüyün Cənubi Afrika Respublikasına (CAR) çoxdankı arzusunda olduqları səyahəti ilk gündəcə faciə ilə nəticələnib.
Ekzotik təbiəti və heyvanlar aləmini görmək üçün ölkəyə gələn Anatoli və Yelena avtomobil icarəyə götürərək məşhur safari məkanı olan Kryuqer Milli Parkına doğru yola düşüblər.
Gecə saatlarında hərəkətdə olarkən avtomobilin təkəri qəfil partlayıb. Anatoli ehtiyat təkəri dəyişmək üçün maşından düşdükdə yolun cinayətkarlar tərəfindən qəsdən tikanlı məftil və dəmirlərlə kəsildiyini görüb.
Həmin an maşını dövrəyə alan maskalı naməlum şəxslər cütlüyün bütün qiymətli əşyalarını qarət edərək Anatolini qətlə yetiriblər.
Möcüzə nəticəsində sağ qalan qadın isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az






