Azərbaycan folklorunu fırçası ilə danışdıran, qədim miniatür sənət ənənələrinə bağlılığı qoruyan sənətkarımız Arif Hüseynov, özünün də dediyi kimi, ən böyük arzularında birinə qovuşub. Qarabağ zəfərindən sonra “Qarabağnamə. Tarixin səhifələri” layihəsini yekunlaşdırıb.
Xalq rəssamının müsahibəsini təqdim edirik:
– Arif müəllim, ən çox gözlənilən sərgilərinizdən biri “Qarabağnamə. Tarixin səhifələri” layihəsini yekunlaşdırdınız. Təəssüratınız necədir?
– Təxminən iki il öncə Heydər Əliyev Fondunun dəstəyi ilə “Qarabağnamə. Tarixin səhifələri” sərgimin açılışı oldu. Bu sərgidə 50-yə yaxın əsər yer alırdı. Burada Alban kilsələri, Türkmənçay müqaviləsi, Qarabağın ustad xanəndələri, islam mədəniyyəti, şəxsiyyətlər, son tarixi hadisələr – Xocalı faciəsi, Şuşanın süqutu və s. daxil idi. Sərgi keçiriləndə də mən vurğuladım, “Qarabağnamə. Tarixin səhifələri” yalnız bizim Qarabağ zəfərimiz baş tutduqda yekunlaşacaq. Çox şükürlər olsun ki, o tarixi qələbəni yaşadıq. Noyabrın 8-dən sonra mən 5 zəfər plakatını hazırladım və onu yenidən “Qarabağnamə. Tarixin səhifələri”nin ikinci nəşrinə əlavə etdim. Bu buraxılışda zəfər plakatları və Qarabağ şikəstəsi rəngli, digərləri isə ağ-qaradır. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə bu kitabı yenidən buraxdıq. Qələbə ilə bu layihə ümumi olaraq bağlandı. Qənirə xanım Paşayeva Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etdi və Komitə də dərhal müraciətə müsbət reaksiya verdi. Bu gün həm də Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması günüdür. Onları bu münasibətlə təbrik edirəm.
– Diasporda aktiv fəaliyyət göstərirsiniz. 44 günlük Vətən müharibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin faəliyyəti barədə nə deyə bilərsiniz?
– Vətən müharibəsi dövründə Komitə tərəfindən böyük işlər görüldü. Çevik fəaliyyət göstərmək üçün həftənin bütün günü işlək olan “Qaynar xətt” istifadəyə verildi. Bu, ilk addımlardan biri idi. Daha sonra müxtəlif ölkə rəhbərlərinə, nazirlərə, ombudsmanlara, NATO-ya, ATƏT-ə, Qırmızı Xaç Komitəsinə, digər nəhəng təşkilatlara vaxtaşırı bəyanat, məktub, müraciətlər göndərilirdi. Vətən müharibəsi ərzində 46 ölkədə fəaliyyət göstərən və 26 ölkəni əhatə edən 12 Koordinasiya Şurasında təmsil olunan 126 təşkilat da daxil olmaqla, 265 diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar tərəfindən 23 dildə 383 müraciət qəbul edilib. Bütün bunlar müxtəlif ölkə prezidentlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və s. təşkilatlara göndərilib. Həmçinin Avropa Parlamentinin üzvlərinə 775 bəyanat, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa göndərilib. Eyni zamanda, Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə 4 700 məktub elektron poçt vasitəsi ilə göndərilib.
– Bəs ölkə daxilində yaşayan icma rəhbərləri və ya nümayəndələrilə hansısa birgə tədbirlər görüldü?
– Əlbəttə! Azərbaycanın Gürcü İcması, Azərbaycanın Ukrayna Konqresi, “İndian Assosieyşn Azərbaycan” İctimai Birliyi, “Poloniya – Azərbaycan Polşa İcması”, Azərbaycanın Rus İcması, Pakistan Diasporu, Azərbaycanda yaşayan Axıska Türkləri, Alman-Azərbaycan Cəmiyyəti, “Vaa Lʼhatzolas Nichei Yisroel” Yəhudi İctimai Birliyi və s. birliklərin rəhbərləri ilə görüşlər keçirilib. Görüşdə böyük əhəmiyyətə malik olan bəyanat da imzalanıb. BMT-yə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara ünvanlanan birgə bəyanat var. Onu da qeyd edim ki, Azərbaycan Diaspor Qadınları Şəbəkəsinin 30 nəfərə yaxın üzvü Ermənistanın bizə qarşı törətdiyi hərbi təxribatlarla bağlı erməni əsgər analarına müraciət də ünvanlayıb. Şəbəkənin bəyanatları elektron poçt vasitəsiə 58 dövlət başçısına, 44 beynəlxalq təşkilata, 5 minə yaxın vəzifəli şəxsə göndərilib.
– Yəqin ki, Vətən müharibəsi müddətində Diasporla İş üzrə Dövlət Komitəsinin yürüş-mitinq xarakterli tədbirlərini də izləmisiniz…
– 44 günlük savaşda mitinqlərlə yanaşı, Komitədə Azərbaycan elmini xarici ölkələrdə təmsil edən ictimai xadimlərlə görüşləri də izlədim. Hər bir görüşdə Komitə sədri Fuad Muradov keçmiş Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatırılmasında alimlərin, ictimai xadimlərin rolundan danışırdı. Bu, çox vacib bir məqam idi. Xüsusilə də Vətən müharibəsi zamanı bu sahədə əməkdaşlığın genişləndirilməsi vacib idi.
Yürüş-mitinq xarakterli tədbirlərə gəlincə, 36 xarici ölkədə 198 tədbir keçirilib. Bunlardan 111-i yürüş-mitinq olub. Mütəmadi olaraq aksiyalar, dəyirmi masalar keçirilirdi. Xarici medialarda məqalələr yayımlanırdı. İndi sosial şəbəkələr bu kimi məqamlarda çox mühüm rol oynayır. Komitənin rəsmi internet saytında və sosial şəbəkə səhifələrində Qarabağla bağlı bütün xəbərlər yayımlanırdı. Bu xəbərlər yeddi minə yaxın media mənbəyində yer aldı.
– Sizcə, Komitənin xarici mediaya çıxışı ölkəmizin haqlı savaş təbliğatına öz töhfəsini verə bildi?
– Düşünürəm ki, bəli. Komitə sədri Fuad Muradov “Ukraina-24” telekanalının xəbərlər proqramına, “TV Berlin” telekanalına və digər yerli və xarici media orqanlarına müsahibə verdi, Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları, Ermənistan ordusu tərəfindən Azərbaycanın mülki şəxslərini qətlə yetirilməsi, ümumilikdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində aktiv oldu. Diasporun fəaliyyəti hər bir media, təşkilat tərəfindən diqqətlə izlənirdi. Ümumilikdə, Komitə və diaspor nümayəndələri tərəfindən 44 gün ərzində haqlı mövqeyimizi əks etdirən 355 məqalə 43 ölkənin müxtəlif qəzet və saytlarında 26 dildə yayımlandı. 55-dan çox qısa video hazırlanaraq sosial şəbəkə üzərindən paylaşıldı.
– Vətən savaşı ərzində xaricdə yaşayan soydaşlarımızla Komitə lazım olan birliyi yarada bildimi?
– Ermənilərin xaricdə yaşayan həmyerlilərimizə qarşı olan vəhşi təxribatını həm mediadan, həm də sosial şəbəkə üzərindən izləyirdim. Diaspor Komitəsi bu vəhşiliklərin geniş ictimaiyyətə çatdırılmasında da mühüm rol oynadı. 60 ölkədən minlərlə soydaşımızın qatıldığı 300-dən çox videokonfrans təşkil olundu. Soydaşlarımız Paris, Lion, Varşava, Haaqa, Cenevrə, Toronto, Nyu York, Boston, Vaşinqton və s. şəhərlərdə insanların daha çox olduğu yerlərdə bir neçə dildə hazırlanmış, müxtəlif tərtibatlı 100 ədədə yaxın şüar, məsələn, “Dağlıq Qarabağda erməni təcavüzünə son!”, “Qarabağ Azərbaycandır!”, “İşğal olunmuş əraziləri azad edin!”, “Azərbaycan ədalət tələb edir!” kimi yazılarla afişa və posterlər yerləşdirmişdi. Ayrı-ayrı ölkələrdə reklam lövhələrində “Karabakh is Azerbaijan!” şüarları işıqlandırılıb.
– Arif müəllim, bəs mədəniyyət nümayəndələri ilə hansı birgə layihələr hazırlandı?
– Almaniyada yaşayan azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın rəhbərlik etdiyi “Səs körpüsü” ansamblının ifasında bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürası səsləndirilib, şanlı Azərbaycan Ordusuna həsr olunmuş yeni video çarx hazırlanıb. Avstriyada yaşayan musiqiçi Abuzər Manafzadə, Azərbaycanın əməkdar artisti, Türkiyədə yaşayan İslam Manafov və Turan Manafzadələrin ifasında “Əsgər marşı” səsləndirilib. Azərbaycan diaspor üzvlərinin iştirakı ilə “Murovun o üzü bizim Vətəndir” videoçarxı, ən çox izlənilən videolardan biri Azərbaycan diaspor üzvlərinin iştirakı ilə “Qarabağ Azərbaycandır” videoçarxı nümayiş olunub. Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun işğal altında olan tarixi torpaqlarımızı azad etməsi və Azərbaycan xalqına qələbə sevinci yaşatması münasibəti ilə “Ali Baş Komandanım” video çarxı hazırlanıb.
İNTERPRESS.AZ