Zamir İsrail hərbi idarəsində yeni təyinatlar elan edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusunun Baş Qərargah rəisi Zamir bir sıra yüksək vəzifəli hərbçilərin yeni təyinatlarını elan edib.
Müdafiə naziri Kats tərəfindən təsdiqlənən qərara əsasən, Tal Politis İsrail ordusunun Vaşinqtondakı hərbi attaşesi təyin olunub. Bu təyinatla yanaşı, ona general-mayor rütbəsi veriləcək.
Bundan başqa, Barak Hiram ordunun hərbi əməliyyatların planlaşdırılması, koordinasiyası və icrasına cavabdeh olan Operativ Şöbəsinin rəisi vəzifəsinə gətirilib. O, yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Tal Politis İsrail Hərbi Dəniz Qüvvələrində (HDQ) mühüm postlar tutub, o cümlədən HDQ komandanının müavini olub və Hayfadakı strateji əhəmiyyətli dəniz bazasına komandanlıq edib.
Barak Hiram isə “Qolani” piyada briqadasının komandiri kimi tanınır. O, 7 oktyabr 2023-cü il tarixində baş verən hücumlardan sonra ölkənin cənubundakı kibutsların azad edilməsi zamanı İsrail qüvvələrinə rəhbərlik edib.
Bu təyinatlar İsrail ordusunda rəhbər heyətin yenilənməsi və strateji sahələrdə təcrübəli kadrların yerləşdirilməsi prosesinin tərkib hissəsidir.
Xuraman Etibarlı
İnterpress.az






