Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişikliklər müzakirə olunub. Layihənin əsas mahiyyəti korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilmə qaydaları və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı normaların müəyyən edilməsidir. Sənədə edilən dəyişikliklər korrupsiya ilə mübarizənin gücləndirilməsi və bu sahədə effektivliyin artırılması məqsədi daşıyır. Başqa sözlə, cinayət yolu ilə əldə edilmiş sərvətin, qeyri-leqal qazanılmış var-dövlətin sahiblərinə xəbərdarlıq edilmədən aktivlərin dondurulması nəzərdə tutulur. Müzakirələrdən sonra təqdim olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Hüquqşünas Əkrəm Həsənov deyir ki, qanuna təklif edilən dəyişiklik qəbul olunarsa, korrupsiya, cinayət yolu ilə əldə edilən pul vəsaitləri, əmlakların dövlət nəfinə keçirilməsi prosedurunu asanlaşdıracaq. Amma…
“Bu gün Azərbaycan məhkəmələrinin iddianın təminetmə tədbiri kimi pul vəsaitlərinin, əmlakların üzərində həbs qoymaq səlahiyyəti var. Məsələn, bir şəxsə qarşı məhkəmə işi başlayırsa, məhkəməyə qədər və məhkəmə bitənə qədər əmlakına həbs qoyula bilir. Əgər şəxsin günahsızlığı sübut olunursa, onun əmlakları üzərinə həbs qoyulması haqda çıxarılan qərar ləğv olunur. Bunu ona görə edirlər ki, şəxs əmlakını məhkəmə dövründə özgəninkiləşdirə, sata bilməsin. Mümkündür ki, şəxs məhkəmənin onun xeyrinə qərar çıxarmayacağını bilir və dərhal əmlaklarını digər şəxslərin adına keçirir. Bunu ona görə edir ki, məhkəmə gələcəkdə həmin əmlakları müsadirə edə bilməsin. Prinsipcə məhkəmələrdə belə səlahiyyət var” – deyə, Ə.Həsənov bildirib.
Hüquqşünas qeyd edib ki, mümkündür ki, qanuna edilən dəyişikliklər məhkəmədən əlavə digər orqanlara cinayət yolu ilə əldə edilmiş sərvətin, qeyri-leqal qazanılmış var-dövlətin sahiblərinə xəbərdarlıq edilmədən aktivlərin dondurulması səlahiyyətinin verilməsini nəzərdə tutur: “Əgər dəyişiklik bu şəkildə olacaqsa, bunu düzgün hesab etmirəm. Qanunlar konstitusiyaya uyğun olmalıdır. Söhbət vətəndaşın mal varlığından gedirsə, burada məhkəmə qərarının olması şərtdir. Belə səlahiyyətlərin hüquq-mühafizə orqanlarına verilməsi doğru addım deyil. Belə hallarla əlaqəli Azərbaycan məhkəmələri kifayət qədər çevik qərarlar çıxarırlar. Yəni məhkəmələrdə əmlakların üzərinə həbs qoyulması ilə bağlı müraciətlərə baxılmasında ləngimə baş vermir. Məhkəmələrin qərarları doğrudur-doğru deyil, bu başqa söhbətin mövzusudur. Məsələ ondadır ki, məhkəmələr belə məsələlərlə bağlı qərar çıxarır, bəzi məhkəmələrdə hətta videoçəkiliş də aparılır, protokollar yazılır. Pis-yaxşı şəffaflıq var. Amma belə səlahiyyətlər hansısa müstəntiqə veriləcəksə, ölkədə vətəndaşların, xüsusən iş adamların mal varlıqları böyük təhlükə qarşısında qalacaq. Bu gün həbs-qətimkan tədbirinə alternativ tədbirlər var. Amma təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq dövründə bir qayda olaraq həbs-qətimkan tədbiri seçilir. Əgər qanun bu şəkildə qəbul ediləcəksə, vətəndaşların özləri ilə bərabər var-dövlətləri də həbsə alınacaq. Bu isə yaxşı heç nə vəd etmir. Müstəntiq lazım oldu-olmadı, vətəndaşın əmlakı üzərinə həbs qoyacaq”.
Qanuna dəyişikliklərin hazırkı mərhələdə təklif olunması sabiqlərin əmlakları üzərinə özlərinə demədən həbs qoymaq üçün hüquqi baza rolunu oynamağa hesablana bilərmi?
Ə.Həsənov deyir ki, “MTN işi”, “Rabitə işi” üzrə həbs edilən, istintaqa cəlb olunan şəxslərin əmlaklarının üzərinə məhkəmələr yolu ilə həbs qoya bilərlər: “İnanmıram ki, bu dəyişikliklərin edilməsini iri və kifayət qədər tanınmış şəxslərə qarşı istifadəyə görə təklif ediblər. Daha çox orta səviyyəli, aşağı səviyyəli imkanlara malik şəxslərə qarşı istifadə oluna bilər. Müstəntiqin belə bir səlahiyyəti olsa belə, cürət edib Eldar Mahmudovun və ya bir başqa iri məmura qarşı əmlakına həbs qoyma tədbiri seçə bilməz. Müstəntiq belə həbs qərarını ondan çəkinən, qorxan şəxsə qarşı edə bilər. Deyə bilər ki, əmlaklarını dondururam, bunu istəmirsənsə, filan qədər ver. Müstəntiq Eldar Mahmudova belə ”xox\” gələ bilməz. Bunu hansısa idarə rəisi, “JEK” müdirinə qarşı edə bilər. O boyda adamı belə şeylə qorxutmaq inanmıram ki, mümkün olacaq. Digər tərəfdən də, qanuna dəyişiklik, dediyim kimi, məhkəmədən əlavə digər orqanlara da əmlak üzərinə həbs qoymaq səlahiyyəti verəcəksə, bu, əlavə korrupsiyaya yol açacaq\”. (musavat)
İnterpress.az