İnterpress.az xəbər verir ki, uzun illər usta olaraq işlədiyini bildirən 3 uşaq atası Cavad Əqili ailənin üzləşdiyi problemlə bağlı prezidentdən yardım istəyib.
Onun bildirdiyinə görə, oğlu Əqili Səid Balaxanı neft şirkətinin əməkdaşı olub və bu il iyulun 7-də tanışı Səidə xanımın şikayət ərizəsi əsasında saxlanılıb: “Oğlum Nərimanov rayon Banditizm və Terrorizm şöbəsinin Moşu adlı müstəntiqi tərəfindən saxlanılıb. Ancaq gecə saatlarında evə buraxıldıqdan sonra səhər yenidən şöbəyə çağırılıb. Həmin gündən sonra 3 gün muddətində oğlumdan heç bir xəbər ala bilmədik. Vəkillə bərabər idarəyə getdim və müstəntiqlə görüşmək istədim. Ancaq o, görüşdən imtina etdi. Bir neçə dəfə əlaqə saxlamağımıza baxmayaraq müstəntiq hər dəfə bizə vəd verərək bizi arxayın saldı. İyulun 10-da ailəmizə heç bir məlumat verilmədən məhkəmə keçirilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 3 gün şöbədə saxlandıqdan sonra Kürdəxanı təcridxanasına aparılan oğlumla bağlı bizə heç bir məlumat verilməyib. Daha sonra vəkil vasitəsilə öyrəndik ki, oğlum Əqili Səid Cinayət Məcəlləsinin 182.2 maddəsi ilə saxlanılıb və daha sonra 178, 182.4 maddələri əlavə olunub. Əlavə olaraq bildirim ki, öz şəxsi “Lada” markalı avtomobillə idarəyə gedən oğlumun avtomobilinin açarları da hazırda müstəntiqdədir. O, maşını verməkdən imtina edir və bildirir ki, bu barədə Prokurorluğa məruzə etməlidir.
Cənab prezident, Siz dəfələrlə Azərbaycanın hüquqi dövlət olduğunu bildirmisiz və hər kəsin hüququnun qanunvericiliklə qorunduğunu vurğulamısız. Qanunun aliliyinin təminatçısı kimi oğlumun məsələsinə haqq-ədalətlə baxılmasında Sizdən kömək istəyirəm. Siz bununla vətəni Azərbaycana pənah gətirən bir ailənin qarşılaşdığı haqsızlızın aradan qaldırılmasına kömək göstərmiş olarsınız”.
İnterpress.az