İŞİD-in Türkiyə ilə bağlı planlarıbackend

İŞİD-in Türkiyə ilə bağlı planları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-nin türk xidmətinə istinadən xəbər verir ki, Manna İŞİD-in Türkiyədə terror aktları təşkil etməsi üçün vaxtın gəldiyini deyib.

Türkiyənin İŞİD tərəfindən “İslam dövləti” layihəsinə daxil edildiyini xatırladan suriyalı müxalif terror təşkilatının Türkiyədə səssiz şəkildə təşkilatlandığını, hücumlarda ilk hədəfin şiələr, kürdlər və digər azlıqlar olacağını söyləyib.

Manna qeyd edir ki, Ankara qonşu Suriya və İraqda baş verən proseslərdən dərs almalıdır: “2000-ci illərdə Suriyadakı vəhhabi hərəkatı çox zəif idi. Döyüşmək üçün Livanın şimalındakı bəzi düşərgələrə gedən kiçik qruplar var idi. Onlardan bəziləri Livan ordusu tərəfindən məğlubiyyətə uğradılan zaman Suriyaya keçdilər. Hamısı Suriyada həbs olundu və Səid Naya həbsxanasına göndərildi. 2011-ci ilin mayında verilən amnistiya ilə Bəşər Əsəd bu insanların hamısını azad etdi. Rejim onların Suriyada təşkilatlanmadığını, həbsxanadan çıxsa belə təhlükəli olmayacağını düşündülər. Amma indi çox yaxşı bilirik ki, onlar bir çox şəhərdə heç bir təbliğat aparmadan çalışırdılar və mübarizəyə hazırlaşırdılar. Amnistiyadan bir ay sonra “Ahrar`uş Şam” quruldu, üç həftə sonra “Əl-Nüsra” Cəbhəsi fəaliyyətə başladı. Bu təşkilatları üç həftə, yaxud da bir ayda qurmaq mümkün idimi?”

Manna Suriyanın 2000-ci illərin əvvəllərində İraqda baş verən qarşıdurmalar zamanı radikal islamçı qruplaşmaların ölkədən İraqa keçməsinə göz yumduğunu, bunun təhlükə yaratdığını görmədiyini, hazırda da Türkiyənin eyni səhvi etdiyini dilə gətirib: “2003-cü ildə Suriya rəhbərliyi İŞİD-in qurucusu və “Əl-Qaidə”nin liderlərindən olan Əbu Musab Əl-Zerkaviyə və digərlərinə kömək etdi. Suriya cihadçıların İraqa getməsinə göz yumaraq onları dəstəklədi. İndi Türkiyə də eyni şeyi edir. Bizə gələn məlumatlara görə, son 16 ayda İŞİD və “Əl-Nüsra” Cəbhəsindən 1200 nəfər Türkiyədən Suriya və İraqa gedib. Bu günə qədər İŞİD-dən 12 mindən çox insan sərhədi keçib. Bu məlumatı əvvəllər İŞİD-in sıralarında olan, hazırda İŞİD-dən uzaqlaşan bir çox insandan almışıq. Türk xalqı bu radikalları dəstəkləməz. Buna görə də səssiz bir şəkildə yeraltında işləyirlər və ölkə miqyasında şəbəkələri var. İŞİD-in Türkiyədə 3 mindən çox üzvü var”.

İŞİD-in neftinin qeyri-qanuni yollarla Türkiyədən başqa İrana da daxil olduğunu və bu işdə terror qruplaşmasına Şimali İraq kürd muxtariyyətinin bəzi iş adamlarının da kömək etdiyini iddia edən Manna son vaxtlar bu dəstəyin kəsildiyini söyləyib.

İŞİD-in Türkiyədə atacağı addımlara gəlincə, suriyalı müxalif terror təşkilatının təməlini atan Əbu Musab Əl-Zerkavinin İraqda getdiyi yola diqqət çəkir: “Məncə Türkiyədə İraqda getdiyi yolu gedəcəklər. Şiələrə amerikalılardan daha çox hücum etdilər. Türkiyədə də şiələrə, kürdlərə və digər azlıqlara hücum edə bilərlər. İŞİD türk olmayan qruplara hücum etməyə çalışacaq. Hazırda kürdləri düşmən kimi görürlər, çünki İraqda Peşmərgəyə, Suriyada YPG-yə qarşı döyüşdə xeyli itki veriblər və intiqam hissləri var”.

Milli İstibarat Təşkilatının (MİT) İŞİD-in Türkiyədəki fəaliyyətinə dair kifayət qədər məlumata sahib olduğunu deyən Manna dövlətinin hazırkı mərhələdə təşkilatı zəiflətmək mövqeyini tutduğunu vurğulayıb.

İnterpress.az