Təmir-bərpa işləri magistral yolun 119-130-cu kilometrlik hissəsində aparılıb. Sözügedən ərazidə normadan artıq yüklənmiş ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsi deformasiyaya uğrayan yolun hərəkət hissəsinin bərpası işləri görülüb. İşlər aparılan zaman həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Aparılmış təmir-bərpa işləri çərçivəsində sözügedən ərazidə qazma-dolma və torpaq işləri görülüb, bundan sonra yola alt və üst qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Sözügedən yolda hərəkətin intensivliyi nəzərə alınaraq işlər qısa müddət ərzində yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Görülmüş işlər nəticəsində yolun hərəkət hissəsinin eni 1,5 metr genişlənib. Yol kənarında təqribən 3 metr enində çiyin yaradılıb. Bundan başqa yolun ayrıcı zolağında olan əyrixətli dəmir tirlər beton arakəsmə ilə əvəzlənir. Beton plitələr üzərində təkərqaytaranların mövcudluğu sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından çox önəmlidir. Artıq təmir olunan yolun bir hissəsinə bu cür beton arakəsmələr qoyulub və bu işlər davam etdirilir.
İnterpress.az