Belə ki, son vaxtlar populyar saytların adlarına oxşar xəbər saytlarının yaradılması geniş hal alıb. Bu saytların məqsədi və fəaliyyət növü oxşar populyar adlardan istifadə edib özlərinin “qara əməl”lərini həyata keçirmək, kimisə şantaj etməklə müəyyən maliyyə vəsaitləri əldə etməkdir.
Bu da təbii ki, həmin populyar saytların nüfuzuna ciddi xələl gətirir.
Problem isə APA informasiya agentliyinin adına oxşar sayt yaradılması ilə aktuallaşıb. Oxşar domendə fəaliyyət göstərən saytla bağlı hüquq-mühafizə orqanlarına müraciətlər edilib.
Bundan sonra isə oxşar problemlə daha bir neçə aparıcı informasiya agentliyi, həmçinin AzNews.az da üzləşib. Belə ki, saytımızın domeninə oxşar “Aznews.info” saytı yaradılıb ki, bununla bağlı oxucular tərəfindən dəfərlərlə redaksiyamıza məktublar ünvanlanıb və şikayətlər edilib.
Bir neçə gündür ki, “Qafqazinfo.az” saytı da eyni problemdən əziyyət çəkir. Bununla bağlı saytın rəhbəri Elbrus Ərud məsələ ilə bağlı bəyanat yaydıqdan sonra oxşar domendə fəaliyyət göstərən “Qafqaznews” saytında cavab yazısı dərc olundu. Yazıda Elbrus Ərud və saytı təhqir edilib.
Vəziyyət o yerə çatıb ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilib və sözügedən oxşar sayt rəhbərliyi məhkəməyə verilib.
Məsələyə Mətbuat Şurasının münasibəti də gecikməyib. Qurumun sədri Əflatun Amaşov AzNews.az-a açıqlamasında oxsar domenlər məsələsinin Azərbaycan mətbuatında böyük problem olduğunu qeyd edib: “Bu, təkcə “Qafqazinfo.az”da baş verməyib. Belə məqamlarla bağlı Mətbuat Şurasına tez-tez şikayətlər daxil olur. Elə biri “Azərbaycan” qəzeti. Oxşar domenlərlə bağlı məsələ mətbuatda böyük problemdir. Bu gün biz Mətbuat Şurasında həmin məsələyə baxacağıq”.
Ə.Amaşov bildirib ki, bu proseslər dünyanın çox ölkələrində olur: “Hüquqi baxımdan hər hansı bir kütləvi informasiya vasitələrinin adını çəkərkən o, tam olaraq təkrar olmamalıdır. Yeni sayt yaradanlar çalışmalıdırlar ki, kifayət qədər orjinal və başqa saytlara bənzəməyən adlar seçsinlər. Ancaq çox təəsüf ki, Azərbaycanda bir-birinə oxşayan adlar seçilir. Əsasən də az limiti və az populyar olan saytların adları məşhur saytların adına uyğun olaraq seçilir. Fikir versəniz Azərbaycanda 20-yə yaxın kütləvi informasiya vasitəsi var ki, onlarda Azərbaycan və news sözü təkrarlanır. Bunun özü problemdir”.
Sədr yaranmış vəziyyətdə oxucuları diqqətli olmağa səsləyib: “Oxucular gündəlik təmasda olduqları saytları yaxşı tanımalıdırlar ki, onları başqaları ilə dəyişik salmasınlar. Bu məsələ Mətbuat Şurasında dəfələrlə müzakirə olunub. Əgər yaranmış problemlə bağlı dəqiq faktlar olarsa, yəni hansısa saytın adından istifadə edilməsi ilə bağlı bizə faktlar daxil olarsa o zaman onun haqqında ölçü götürüləcək”. ( aznews.az )
İnterpress.az