Bu barədə oxu.az-a paytaxt sakinləri məlumat veriblər.
Məlumata əsasən bəzi mağazalarda satılan quru çay qutusunun üzərində Allahın adı olan “Bismillah”, “Əlhəmdulillah”, “Allahu Əkbər” və digər dini dəyərli yazılara rast gəlinir. Çay alan sakinlər quru çayı istifadə edəndən sonra, Allahın adının yazıldığı qutuları yaxşı halda zibil qabına, digər hallarda isə ayaq altına atırlar.
Məsələ ilə bağlı tanınmış ilahiyyatçı Elşad Miri bildirib ki, özü də belə bir çayların satılmasına şahid olub.
“Mən özüm şahid oldum ki, dini terminləri olan çayları satışa çıxardırlar. Quranda bununla bağlı ayə var – “Allahla aldadanlar”. Allah, din ilə insanları aldadırlar, öz biznes maraqları, öz mənfəətləri üçün istifadə edirlər. Bu da heç bir şəkildə, heç bir halda, heç bir dində doğru olmayan məsələlərdir.
Bunun heç bir dini əsası yoxdur. O çayı içən adam dindar olmur ki… Dindarların içdiyi heç bir çay anlayışı yoxdur. Çayın dindara aid olub-olmaması məsələsi yoxdur. Haramı, halalı yoxdur, çay çaydır. Buna birbaşa halal adı yaza bilmirlər, dindən istifadə edib öz xeyirlərini güdürlər.
Bəzi sahibkarlar biznes tərəfini fikirləşirlər, lakin insanların dəyərli hesab etdiyi şeylərin yerə tullanmasını fikirləşmirlər. Dini dəyərlərlə bu cür rəftar etmək düzgün deyil. Bu cür məsələlərdən uzaqlaşmaq lazımdır”.
İnterpress.az