“Türkiyədə yenidən seçkiyə getmək zərurəti yaranıb. Böyük ehtimalla belə də olacaq. Çünki koalisiya hökuməti qurmaq üçün şərait yoxdur. Mən Türkiyə Böyük Millət Məclisinin qərarı ilə erkən seçkiyə getməyə üstünlük verirəm”.
Türkiyənin NTV telekanalının verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu CHP sədri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
Baş nazir bildirib ki, hazırda CHP ilə koalisiya hökuməti qurmaq üçün münbit şərait yoxdur: “CHP ilə apardığımız danışıqların Türkiyə demokratiya tarixində iki siyasi partiya üçün çox mühüm yeri olacaq. Kılıçdaroğluna qaydalara nəzakətli şəkildə riayət etdiklərinə görə təşəkkürümü bildirirəm. Görüşlər açıq və şəffaf keçdi. İki fərqli siyasi yolu olan partiyalar kimi dərin fikir ayrılıqlarımızın olduğu hamıya məlumdur. Başlıca olaraq xarici siyasət və təhsillə bağlı fikir ayrılıqlarımız var. CHP-yə müddətli bir islahatçı hökumət qurulması və ölkəni seçkidən əvvəl hökumətsiz qoymamaq üçün təklif irəli sürdük. Artıq CHP ilə koalisiya hökuməti qurmaq üçün heç bir şans qalmayıb”.
Ə. Davudoğlu MHP sədri Dövlət Baxçalı ilə təkrar görüşəcəyini də istisna etməyib: “Bu, bizim təbii haqqımızdır. Baxçalı ilə görüşdən sonra ölkə prezidenti ilə məsləhətləşmələr aparmağa da ehtiyac yarana bilər. Koalisiya hökuməti qurmaq, habelə ölkənin hökumətsiz qalmamağı üçün danışıqları davam etdirəcəyik. Yenidən seçki zərurətinin meydana çıxdığı bir vaxtda siyasi dialoq davam etdirilməlidir”.
Ə. Davudoğlu prezident Rəcəb Tayyib Ərdoğanın koalisiya hökuməti qurulmasının əleyhinə olması ilə bağlı fikirlərin əsassız olduğunu da bildirib: “Əgər CHP ilə fikir ayrılıqlarımız olmasaydı, onlarla koalisiya hökuməti qurmağa razı olardıq və ölkə başçısını da buna razı salardıq”.
İnterpress.az