Rayonun Çayarxı kənd sakini, 1955-ci il təvəllüdlü İsayev Cavid İsa oğlu idarə etdiyi 10-MM-203 dövlət nömrə nişanlı, “Mercedes” markalı şəxsi minik avtomobili ilə avqustun 3-də axşam saatlarında Bakıdan Göyçaya müştəriləri gətirərkən naməlum şəkildən itkin düşüb. Ölkənin bütün şəhər və rayonlarının polis əməkdaşları tərəfindən itkin düşən şəxsin, onun avtomobilinin və qatillərinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakini 1994-cü il təvəllüdlü Hacıyev Akif Səxavət oğlu və 1984-cü il təvəllüdlü Bərdə rayon sakini Quliyev Elvin Rəşid oğlu tutularaq istintaqa təhvil verilib.
“Mercedes” markalı avtomobil Ağcabədi rayonunun Hindarx kəndi ərazisindən, sürücü Cavid İsayevin meyiti isə Abşeron rayonunun Pirəküşkül qəsəbəsi ərazisində tapılıb. Hadisənin tamah məqsədilə törədildiyi bildirilib. Məlumata görə, cinayətkarlar sürücünü öldürərək quldurluq yolu ilə əldə etdikləri avtomobili əvvəlcə satmaq istəyiblər. Niyyətləri alınmadığı üçün avtomobili Ağcabədidə kimsəsiz bir yerə ataraq qaçıblar.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. ( apa )
İnterpress.az