“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının “Yeni Müsavat”a müsahibəsi:
– Tənzilə xanım, Azərbaycan siyasətində qadınların çəkisinin artacağı haqqında çox danışılır. Siz 1 noyabr parlament seçkisində şansınızı dəyərləndirməyi düşünürsüzmü?
– Düşünürəm. Təcrübəm var – 2005-ci il parlament seçkisinə 22-ci Nəsimi seçki dairəsindən qatılmışdım. Çox gözəl kampaniya qurmuşduq, həvəslə işləyirdik. O seçkidə Sabir bəy də namizədliyini Yardımlıdan irəli sürmüşdü deyə, seçkiyə bir neçə gün qalmış geri çəkildim. 2010-cu ildə də seçkiyə Sabir bəy getdi. Bu dəfə isə o, özü təklif etdi ki, bu haqda düşünüm. Durumu bir daha dəyərləndirərik, uyğun bilsək, qatılarıq.
– Seçkiqabağı vəziyyəti necə görürsünüz? Uzun illər siyasətdə olanlar belə deyir ki, qeyri-müəyyənlikdir.
– Bu fikirlə razıyam. Mənzərə çoxları üçün tam aydın deyil. İndiki seçki prosesində mənə ən çox qəribə gələn bir çoxlarının parlamentdə təmsilçilik məsələsinə “olmazsa olmaz” kimi baxmasıdır. Hər il bir neçə dəfə Türkiyədə, Avropada türk dünyası ilə bağlı beynəlxalq konfranslarda oluram. Mənə “sayın vəkilim” deyə müraciət edirlər. Deyirəm, çox üzr istəyirəm, mən yox, yoldaşım millət vəkilidir. Cavab verirlər ki, olsun, siz bizim könlümüzün vəkilisiniz. Təbii, bunları eşitmək çox xoşdur. Ancaq millət vəkili olmaq mənim üçün məqsəd deyil, məqsədimə gedən yolda bir vasitədir. O kürsüyə millətimin, bütün türk dünyasının səsinin eşidilməsi üçün imkan kimi baxıram. Elələri var, Milli Məclisdə təmsilçiliyə var olmaları kimi baxırlar. Bir geriyə baxıb düşünmürlər ki, gör neçə ildir burdayıq, bu millət üçün nə etdik? Qohum-qardaşını düz-əməlli tanımayan, onlardan dəstək almayan adamlar millətə vəkillik etmək iddiasındadır.
Zamanında getməyi bacarmaq lazımdı. Buna da ürək gərək. Bu işi xırda hesablara əyilməyən insanlar bacarar. Hər hansı bir işdə cəsarət, fədakarlıq, vaz keçə bilmək çox önəmlidir. Mənim Məclis haqqında ümumi düşüncələrim belədir. Yenə deyirəm, parlamentdə təmsilçilik istəyim var. Ancaq bu o demək deyil ki, mən illərlə yığdığım nüfuzumu, hörmətimi millət vəkilliyi uğuruna fəda edərəm. Atacağım addım məni xırdalayacaqsa, görmək istədiyim böyük işlərə kölgə salacaqsa, zamanında dayanmağı bacarmaq lazımdı, bunu edə bilmək üçünsə ərdəmli olmaq kərəkdir.
“Elələri var, Milli Məclisdə təmsilçiliyə var olmaları kimi baxırlar. Bir geriyə baxıb düşünmürlər ki, gör neçə ildir burdayıq, bu millət üçün nə etdik? Qohum-qardaşını düz-əməlli tanımayan, onlardan dəstək almayan adamlar millətə vəkillik etmək iddiasındadır”
– Sabir bəyin seçkiyə qatılmaq ehtimalı heç yoxdur? Əgər o, seçkiyə getsə, 2005-ci ildəki təcrübənizi təkrarlayıb geri çəkiləcəksiz?
– İkimizin getməyimiz mümkün deyil. Olmaz. Bunu qadağan edən yazılı qanun yoxdur, ancaq biz düşünürük ki, siyasi mədəniyyət belə tələb edir. Seçkiyə ya o gedəcək, ya da mən. Bu seçkidə qadınlara daha çox şans tanınacağı ehtimalı yüksəkdir. Bu özü də böyük mədəniyyət tələb edir. 2005-ci il seçkisində bir məsələni müşahidə eləmişdim – kişilər siyasi mübarizədə qadınlara qarşı çox qəddar olurlar, heç bir halda ona məğlub olmaq istəmirlər. 22-ci dairədə 18 rəqibim vardı, cəmi biri qadın idi, o da sonradan geri çəkildi. 18 kişidən ləyaqətlə mübarizə aparanları da vardı, ancaq çoxlarının əlacı olsaydı məni bir qaşıq suda boğardılar. Kişilər qadın ona rəqib olmayanda onunla nəzakətli davranır, rəqib oldusa, atmadıqları çirkab qalmır, fəlakət dərəcəsində qəddarlıq nümayiş etdirirdilər.
Təbliğat mitinqlərində heç zaman “mənə səs verin” ifadəsini işlətmirdim. İstəyirdim, ölkəyə seçki mədəniyyəti gəlsin, ona görə də deyirdim, könlünüz kimi istəyirsə, ona səs verin, amma seçkiyə mütləq gəlin, bu, sizin vətəndaşlıq görəvinizdir. Sonra da səslərinizi qoruyun, səslər sayılana qədər məntəqələrdə qalın, müşahidələr aparın, bu sizin haqqınızdır. O kampaniyada dairəmizdə bir türklük rüzgarı əsdirmişdik. Önəmli olan da budur, məncə. Siyasi proseslər insanların içərisindəki o enerjinin, o ruhun dirçəlmə dönəmləridir. Milləti düşünən insanlar bu imkanı əldən verməməlidir.
– Amma bütün bunlara baxmayaraq deyirsiniz, xanım namizədlərə çətin olacaq.
– Mənə elə gəlir… Bir məsələyə də toxunmaq istəyirəm. Məclisdə qadınların olması yaxşıdı, təbii. Ancaq elə qadınlar da var, 5 ildə biz onların səsini eşitmədik, şəxsən mən çoxlarını üzdən belə tanımıram. Millətin səsi, sözçüsü olmaq missiyası daşıyan şəxs xalqın dərd-sərinə 5 il susqun qala bilərmi? Azərbaycanın ən böyük dərdi Qarabağdı, torpaqların işğalıdır. Atəşkəs olmasına baxmayaraq, şəhidlər veririk. Məclisdə Qarabağla, Ermənistanın işğalçı siyasəti ilə bağlı müzakirəni gündəmə gətirsələr, onlara kim mane olacaq? Və yaxud uydurma erməni soyqırımı haqqında bir təklif duydunuzmu?
“Parlamentdə oturanların, bu gün də yenidən o kürsüyə can atanların çoxu şəxsi bizneslərini mandatın himayəsinə almaq, toxunulmazlıqlarını təmin etmək üçün seçilmək istəyir”
– Xeyir.
– Qarabağı MM-də təmsil edənlər belə susur. Bu insanların hakimiyyətin siyasətini dilə gətirmək qabiliyyətləri belə yoxdursa, orada oturmalarının mənası nədir? Parlamentdə oturanların, bu gün də yenidən o kürsüyə can atanların çoxu şəxsi bizneslərini mandatın himayəsinə almaq, toxunulmazlıqlarını təmin etmək üçün seçilmək istəyir. Ancaq daha bəsdir. İmkan versinlər Məclisə bu millətə qarşılıqsız, təmənnasız xidmət etmək istəyən insanlar gəlsin. Bunu öz açımdan demirəm, illərdir heç bir qarşılıq gözləmədən, sevgi ilə millətimin xidmətində durmağa çalışan birisi kimi söyləyirəm. Vicdan lazımdır. O kürsüdə 5 il hərəkətsiz, susqun qalmağa heç kimin mənəvi haqqı yoxdur.
– Noyabrın 1-də Türkiyədə də növbəti dəfə seçkidir. Qardaş ölkə ilə bağlı proqnozlarınız necədir?
– Türkiyədəki seçkini bəlkə Azərbaycandakı seçkidən də həssaslıqla izləyirəm. Bunu yüz dəfə desək, yenə azdı – Türkiyə türk dövlətləri, millətləri üçün çox önəmli ölkədir. Azərbaycanın istiqrarı da ora bağlıdır, oradakı siyasi proseslərin türk millətinin xeyrinə olması bizim üçün həyatı önəm daşıyır. Türkiyədə bu gün türk milləti dardadır. Biz bu günlərdə öz millətimizin yanında olmaq üçün bacardığımızı etməliyik. Çünki biz darda olanda onlar bizə arxa, dayaq olub.
– Ancaq bu gün həmin fədakarlıq olaylarına fərqli don geyindirmək istəyən, dəstəyi işğal kimi qələmə vermək istəyənlər peyda olub. Məqsəd nədir sizcə?
– Məqsəd Azərbaycanı təkləmək, iki qardaş xalqın arasına şübhə toxumları əkməkdir. Bunun adı nankorluqdur. Sentyabr ayının 15-də Bakının daşnak-bolşevik birləşmələrindən qurtuluşunun 97-ci ildönümünü qeyd edəcəyik. Osmanlının son və ən gücsüz dönəmlərində belə Ənvər Paşanın milli şüuru Nuru Paşanın komandanlığında bura Qafqaz İslam Ordusu göndərdi. Azərbaycan Xalq Cümhuriyyətinin “imdad” çağırışına səs verən ordunu işğalçı adlandırmaq necə bir vicdansızlıqdır?
Qafqaz İslam Ordusu bizi qətliamdan xilas eləyib. Əmin olun, bunu yazan türk, azərbaycanlı ola bilməz, varsa deməli ruhunu şeytana satmış birisidir. Onun qanında türkü qətl edən ermənini qanı var. Bu adamların para qaynağını araşdırsaq Azərbaycan, türk düşməninə çıxacağımıza zərrə qədər şübhəm yoxdu. Qafqaz İslam Ordusu olmasaydı, Bakı türklərdən təmizlənəcəkdi. Həmin dönəmdə ermənilər, bolşeviklər bütün Azərbaycan boyu müsəlman türkləri məhv edirdi. Neçə-neçə toplu məzarlıqlarımız gizlədilən, itirilmək istənən tariximiz deyilmi? Mənim nəslim o qətliamlarda pərən-pərən düşüb. Türkiyədə də bir Amasya var. Orada nə qədər qohumlarımız yaşayır.
“Məqsəd Azərbaycanı təkləmək, iki qardaş xalqın arasına şübhə toxumları əkməkdir. Bunun adı nankorluqdur”
Burdakı Amasyada erməni zülmü görənlər Anadoluya yol alıb, orda yurd-yuva salıb, orda da bir Amasya qurublar. Erməni zülmü olmasaydı, niyə insanlarımız isti ocaqlarını qoyub çöllərə düşürdü ki? Nənən ömrünün sonuna qədər o zülmlərdən danışırdı – torplaqları boşaltmaq üçün ermənilər türkləri işgəncə ilə öldürürdülər. İnsanların belinə qaynar samovar bağlayırdılar, hamilələrin qarnını kəsib körpələrini çıxarırdılar, balanı ananın gözlərinin önündə öldürürdülər, insanları məscidlərə yığıb yandırırdılar. Bunları türk ordusu edirdi?
Qafqaz İslam Ordusu gəlməsəydi, bu zülmü durdurmaq mümkünsüz idi. Bu faktları görməzdən gəlmək vicdansızlıq, nankorluq, türk düşmənliyidir. Anadolundan qardaş harayına gələn insanların ruhu onlara qənim olsun. Qafqaz İslam Ordusunun keçdiyi torpaqlarda şəhid olan gənclərin məzarını görəndə baş əyməmək, duyğulanmamaq mümkün deyil. Bu hissi keçirməyən insan bu millətə yaddır. Bu torpağı o gənc ömürlər bizə Vətən edib. Biz nəfəs aldıqca onlara minnətdər olmalıyıq. Bu gün şərəfi tariximizi yaradanlara dil uzatmaq istəyən nankorlar bilsinlər ki, bu millətin yaddaşı güclüdür – unutmayıb, unutmayacaq da. Son 80-90 ildə Azərbaycan tarixini çox zaman bizdən olmayanlar yazıb, nə qədər saxta sənədlər düzəldib gerçəyi gizlədiblər. Amma zaman hər şeyin üzərindən o saxta örtüyü götürüb. Ona görə heç özlərinə əziyyət verməsinlər. Azərbaycanla Türkiyənin arasını vurmaq, iki qardaş arasında gərginlik yaratmaq mümkün olmayacaq.
– Türkiyə də yaxın tarixin ən çətin dönəmini yaşayır. Nədir gözləntiləriniz?
– Türkiyə tarix boyu çox çətin dönəmlərdən keçib. Bunu da adladacaq. Bu gün Türkiyədə türklərin durumu Qurtuluş Savaşı dönəmindəkindən daha çətindi. Onda düşmən bilinənən düşmən idi, qüvvələr üz-üzəydi. İndi düşmən içəridədi, başdadı. Türkiyə dövlətinin bir çox vəzifələri işğal altındadır. Bu gün Türkiyə gündəmini yaxından izlədikcə dəhşətə gəlməmək mümkün deyil. Bir millətin nə qədər xain “aydını” olar? Ölkədə “türk” sözünə düşmənçilik ən yüksək həddə çatıb. Fikirləri dövlətin, bayrağın adından “türk” sözünü silməkdir. PKK son 12 ildə özünün ən güclü dönəmini yaşadı, olmadığı qədər silaha sahib oldu, Türkiyə Böyük Millət Məclisinə qədər gələ bildi. PKK heç bir dönəmində bu qədər azğınlaşmamışdı. Buna göz yumuldu, bəzən hətta şərait yaradıldı.
“Açılım”, “çözüm sürəci” adı ilə PKK-nı Türkiyə siyasətinə gətirmək böyük yanlış, türk millətinə namərdcə zərbə idi. Düşmən düşməndi, onu adıyla çağırmaq lazımdı. Türkiyə iqtidarının dilindən “Osmanlı” sözü düşmür. PKK-nın etdiyinin adı üsyandı. Osmanlı üsyanı necə yatırırdı? İndi hamısı dar ağacından asılmışdı. Dünyanın hər yerində, bütün quruluşlarında dövlətə qarşı çıxmaq silah gücünə dəf olunur. Türkiyə qərarlı olmalıdır. HDP PKK-nın siyasi qanadıdır. Seçim sonuclarını görəndə mən dəhşətə gəldim – İstanbulda HDP-ə MHP-dən daha çox səs qazandırdılar. Onlar dağda qatillik məktəbi keçib, türk əsgərinə silah tuşlayanlardır. Bu mələk cildinə girmiş qatillərin iç üzünü millət bilir.
“Ərdoğan Türkiyə prezidenti olaraq bədəli nə olursa-olsun bu savaşı durdurmamalı, Türkiyə torpağında PKK-nın kökünü kəsməlidir”
– Siz 7 iyun seçkisindən sonra MHP sədri Devlet Bahçeli ilə görüşmüsünüz. Sizcə, niyə Türkiyədə hökumət qurmaq mümkün olmadı?
– Çünki AKP-nin belə bir istəyi yox idi. AKP ölkəni qana boğmaq bahasına olsa da seçkiyə getmək, yenidən tək hakimiyyət olmaq istəyirdi. Biz Devlet bəylə bu haqda danışdıq. Əslində bu gün Ərdoğanın PKK-ya savaş açması da onun öz maraqlarının tapdandığına görədir. Görünür, prezident HDP və PKK-dan istədiyini ala bilmədi. Hər halda, bu savaşda sayın Ərdoğana qətiyyət arzulayıram. Əməliyyatlar davam etməli, PKK məhv edilməlidir. Ərdoğan Türkiyə prezidenti olaraq bədəli nə olursa-olsun bu savaşı durdurmamalı, Türkiyə torpağında PKK-nın kökünü kəsməlidir. Onsuz da hər gün nə qədər şəhidlər verir Türkiyə. Bu savaşı yarıda qoymaq onların qanını batırmaqdı.
– MHP içərisindəki durumla bağlı narahatlar var. Sizcə, partiya seçkidən necə çıxacaq?
– Bu gün MHP varsa, sevinmək lazımdır. Çünki milliyətçilər sözün əsil mənasında Türkiyə dövlətinin qoruyucularıdır. Bahçelidən soruşdum ki, ola bilərmi, sizi erkən seçkidə parlamentə buraxmasınlar. Dedi, nə etsələr, nə qurğular qursalar belə bizlər Türkiyə dövlətinin, millətinin bəkçisiyik. Ümid edirəm, axır 2 ayda xalq siyasi düşərgədə nələr yaşandığını düzgün dəyərləndirə biləcək. Bilirsiz, bəzən Türkiyəyə baxanda Azərbaycana görə sevinirəm.
Çətinliklər var, işğal bitməyib, daxildə bir sıra problemlər qalır, ancaq şükür ki, bizdə bu qədər xainlər yoxdur. Amma biz də içimizdəki maddi qaynağı ermənı fondlarının əlində olan, milli məfkurədən uzaq bəzi kosmopolit \”ziyalılara\” diqqət etməsək, bizi də bu günkü Türkiyənin taleyi gözləyir. Türkiyədə başını möhürdən qaldırmayan nə qədər saxtakar imansızlar gördük. Amma bu xainlərin hamısı təmizlənəcək. Mən buna əminəm. Dualarımız Türkiyə və Azərbaycanımız üçündür.
İnterpress.az