Tokar: “Rusiya Ukraynanı tutmaq üçün bizim AES-ləri partlada bilər”backend

Tokar: “Rusiya Ukraynanı tutmaq üçün bizim AES-ləri partlada bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərqi Avropa ölkələrinin sakinləri apteklərdən radiasiya ilə çirklənmə zamanı şüa xəstəliyinin qarşısını almaq üçün istifadə edilən yüksək yod tərkibli dərmanları aktiv şəkildə almağa başlayıblar. Təşviş Rusiya qoşunlarının Avropanın ən böyük atom elektrik stansiyasını – Zaporejye AES-i ələ keçirməsindən sonra başlayıb. Bundan bir qədər əvvəl isə Rusiya Federasiyasının silahlı qüvvələri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər. Bundan başqa, Rusiya Prezidenti Vladimir Putin strateji nüvə qüvvələrinin xüsusi rejimə keçirilməsinə qərar verib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) artıq Ukraynadakı atom elektrik stansiyalarında təcili yoxlamaların keçiriləcəyini, Ümumdünya Nüvə Assosiasiyası (World Nuclear Association) isə Ukrayna atom elektrik stansiyalarının ətrafında təhlükəsiz zonaların yaradılmasına dəstək verdiyini açıqlayıb. Bundan əlavə, ABŞ Dövlət katibi Entoni Blinken Moskvanı Ukraynanın nüvə obyektləri yaxınlığında bütün hücumları dayandırmağa çağırıb.

Ukraynada dörd atom elektrik stansiyası fəaliyyət göstərir: Zaporojye, Rovne, Xmelnitski, Cənubi Ukrayna (Nikolayev vilayəti). Bunlar fəaliyyətdə olmayan Çernobıl AES-dən əlavə 15 işləyən enerji blokudur.

İnterpress.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “Ukratomenerqo” şirkətinin keçmiş baş direktoru, Ukraynanın “Qarant” siyasi partiyasının lideri Valeri Tokar deyib.

– Rusiya qoşunları Çernobıldadır, Zaporojye AES ələ keçirilib, orada döyüşlər gedib və yanğın baş verib. Bu, bütün dünyanı çox narahat etdi. Nə baş verdiyini deyə bilərsinizmi?

– Gəlin, Çernobıldan başlayaq. Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasını ümumiyyətlə hücumun ilk günündə ələ keçirdilər. Bu, şimaldan Kiyev istiqamətində vurulan əsas zərbə oldu. Fevralın 24-də Ukrayna şəhərlərinin atəşə tutulması başlayanda bizim könüllülərdən ibarət dəstə demək olar ki, dərhal Kiyevi müdafiə etmək üçün şimala doğru hərəkət etdi. Biz Rusiya ordusunun Pripyat və İvankoviçi yaşayış məntəqələrindən keçən yolunu kəsdik. Bizim üzvümüz həyatı bahasına körpünü partladıb Rusiya tanklarının kolonunu dayandırdı.

Enerqodar şəhərindəki Zaporojye atom elektrik stansiyasına gəlincə, Rusiya tankları tərəfindən atəş açıldı, birinci enerji bloku yandı. Bu isə Avropanın ən böyük atom elektrik stansiyasıdır, fəaliyyətdə olan altı enerji bloku var. Dünyada Rusiyadan başqa heç bir ölkə hərbi münaqişələr zamanı atom elektrik stansiyalarını atəşə tutmayıb. Ruslar üçün əsas məsələ Ukraynanı ələ keçirməkdir və bunun nəyin bahasına olması önəmli deyil. Onlar bizim üzərimizə atom bombası ata bilərlər, atom elektrik stansiyalarımızı partlada bilərlər. Dünya, xüsusilə NATO Ukrayna üzərində hava məkanını bağlamaqdan imtina etdikdən sonra hər şeyə hazır olmalıdır. Bu, ölkəmizə qarşı müharibədə Rusiya Federasiyasını dəstəkləməyə bərabərdir.

– MAQATE Zaporojye AES-də heç bir radioaktiv tullantının qeydə alınmadığını bildirir. Beynəlxalq Atom Enerjisi Agentliyinin radiasiya fonu səviyyəsini təyin etmək, obyektiv məlumat almaq imkanı varmı?

– Atom elektrik stansiyalarının perimetri boyu xüsusi sistemlərimiz var. Beləliklə, hər şey MAQATE-də mütləq qeyd olunacaq. Amma bu struktur heç nəyə mane ola bilməz. Rusiyalılar bunu bilir. Yenə təkrar edirəm, əgər bizə nüvə raketləri atmaq istəməsələr, o zaman bizim atom elektrik stansiyalarımızı asanlıqla məhv edə bilərlər, bundan bütün dünya əziyyət çəkəcək. Sadəcə təsəvvür edin: Zaporojye AES Çernobıldan altı dəfə güclüdür. Buradakı partlayış bütün dünyanı bürüyəcək.

– Ancaq bu Rusiya üçün də özünəqəsd deməkdir…

– Bir daha təkrar edəcəyəm: Rusiyaya qələbə lazımdır, nəyin bahasına olursa, önəmli deyil. Mənim 12 uşağım var, onlar çölə çıxmırlar, qorxurlar, ağlayırlar. Mənim qardaşım artıq ölüb. Amma biz ruhən güclüyük, öz torpağımızdayıq və sona qədər mübarizə aparacağıq. Hazırda ölkəmizdə yeni bir Ukrayna xalqı doğulur.