“Cənubi Azərbaycan Cümhuriyyəti qurula bilər” – Proqnozbackend

“Cənubi Azərbaycan Cümhuriyyəti qurula bilər” – Proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Azərbaycan gec-tez öz müqəddəratını təyin edəcək”.

Ötən ay əxlaq polisinin qətlə yetirdiyi Məhsa Əmininin vəfatının bu gün 40-cı günüdür. Hazırda bununla bağlı İranın əksər şəhərlərində geniş aksiyalar keçirilir. Diqqətçəkən məqam isə axşam saatlarında aksiyaların Cənubi Azərbaycan vilayətlərini də əhatə etməsidir. Urmiyada, Təbrizdə, Güney Astarada və s. şəhərlərdə kütləvi aksiyalarda polislə qarşıdurmalar yaşanıb. İranda etiraz aksiyaları günü-gündən şiddətlənsə də, Mərkəzi İran vilayətləri ilə Cənubi Azərbaycan vilayətlərində etiraz aksiyaları kəskin fərqlənir. Təbrizdə barikadalar quran İran polisi azərbaycanlılara atəş açır.

Cənubi Azərbaycan vilayətlərində başlanan etiraz aksiyalarına münasibət bildirən politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, milli fəallar açıq şəkildə Cənubi Azərbaycanın müstəqilliyini tələb edir:

“Cənubi Azərbaycanda baş verən etiraz aksiyalarının tədircən milli azadlıq hərəkatına çevrilməsi həm də rejimin İran Konstitusiyanın 15-ci və 19-cu maddələrini pozması ilə əlaqədardır. Belə ki, qeyd olunan maddələrə görə, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq, İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Bundan başqa, rejim azərbaycanlılara qarşı kütləvi repressiyalar təşkil edir, gəncləri sırf ana dillərində danışmaq, təhsil almaq istəmələrinə görə, həbsə atıb işgəncələr verir. Buna görə də, Cənubi Azərbaycan vilayətlərindəki etiraz aksiyaları tədricən İranın digər vilayətlərindən fərqlənərək motivini dəyişir. Etiraz aksiyalarının tədricən güclənməsi və Cənubi Azərbaycan vilayətlərində milli hərəkata çevrilməsi, eyni zamanda təşkilatlanması Cənubi Azərbaycan Cümhuriyyətinin qurulması ümidlərini artırır. İran bunu separatçı hərəkat adlandırsa da, hüququ olaraq bu, Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsidir. İndiki məqamda proseslərin bu tempdə inkişaf etməsi yekunda Cənubi Azərbaycan Cümhuriyyətinin qurulması ilə nəticələnə bilər. Proses bir müddət sonra səngisə belə, Cənubi Azərbaycan gec-tez öz müqəddəratını təyin edəcək və Cənubi Azərbaycan Cümhuriyyəti qurulacaq”.