“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi “Hüsnü-Üns” yeni yaradıcılıq layihəsinə start verib.
İnterpress.az xəbər verir ki, layihənin açılış tədbirində “Cığır” İB-nin layihə tərtibatçısı və qrafik dizayneri, AzMİU-nun magistrı Elbəy Əliyev, birliyin idari heyətinin üzvləri, könüllü rəssamlar və qonaqlar iştirak ediblər.
Elbəy Əliyev çıxış edərək bildirib ki, “Hüsnü-üns” layihəsi insan duyğularının ifadə vasitəsi olan incəsənətin “Cığır” İB-nin əmanətləri və könüllüləri tərəfindən cəmiyyətdə fərdlərarası gözəl ünsiyyətin qurulmasına, incə duyumun, gözəl baxışın, əmin-amanlığın yayılmasına və bərqərar olmasına töhfə verən bir mühit formalaşdırmaqdır. O, bu layihənin həyata keçirilməsi üçün çox xoşbəxtdir və layihənin uğurla davam edəcəyinə inanır.
Tədbirdə Şuşa şəhəri Dövlət Qoruğunun baş memarı Qumru Mirzəliyeva, Respublika üzrə Qum üzərində rəsm birincisi, bir çox ölkələrdə Azərbaycanı təmsil edən, “Asia’s Got Talent”, “Yetenek sizsiniz” kimi məşhur lahiyələrin yarım finalçısı, rəssam Lalə Hüseynzadə, Casa De Art biznesinin rəhbəri, rəssam Pərvinə Əli çıxış edərək duyğu və düşüncələrini bölüşüblər.
Rəssamlar tədbir boyu kətan çantalar, boşqab və fincanlar üzərində “Gözəllik” mövzusunda yaradıcılığını nümayiş etdiriblər.
Tədbirin sonunda kollektiv xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, layihə “Cığır” İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant qalibi- “Sosial Sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər” layihəsi çərçivəsində keçirilib.