“Məscid tikintisi haqda olan problemləri dəfələrlə dilə gətirmişik. Bu haqda ölkəmizin Baş naziri, prezidenti, parlamentin insan haqları komissiyası, Dini Məsələlər üzrə Dövlət Agentliyi, bölgə qubernatorları, şəhər meriyaları, millət vəkilləri, xalq vəkili və s. şəxs və aidiyyatı qurumlara şifahi deməklə və yazılı şəkildə çatdırmışıq”.
Bu barədə İnterpress.az-a Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Axılı-Lələ kənd məscidinin tikintisinə süni manelərin yaradılmasına münasibət bildirərkən deyib. O bildirib ki, Axılı-Lələ kənd məscidinə bu günə qədər 10 000 laridən çox cərimə yazılıb: “Təssüüflər məscid tikilişi haqda olan problemlər hələ də qalmaqdadır. Bunlardan biri olan Marneulinin Axılı Lələ kənd məscidinin tikilişi üçün də müraciət etmədiyimiz mərkəzi və yerli qurumlar qalmayıb. Ancaq müxtəlif bəhanələrlə və süni maniələrlə tikilişə izn verilmədi. Belə olan halda 2 ildən artıq müddət ərzində qanuni tələbləri yerinə yetirib rəsmi tikiliş üçün izn gözləyən kənd əhalisi məscidi tikməyə başlayanda da məscidə cərimələr tətbiq edildi. Bu məscid üçün bu günə qədər Marneuli rayon merinin imzası ilə 10 000 laridən çox cərimə yazılıb. Biz demokratik ölkədə yaşayırıq. Dünyəvi dövlət olan ölkəmizdə din və vicdan azadlığı mövcud olduğu halda müsəlman vətəndaşların yaşadığı kəndlərdə ibadət məkanının olması onların mənəvi və konstitusional haqqıdır. Gürcüstanda müsəlmanların dini ain, ibadət və mərasimlərini azad şəkildə yerinə yetirdikləri halda və dövlətin ənənəvi dinlərə dəstək verdiyi illər ərzində məscid tikintisi haqda yaradılan problemlər başa düşülməzdir. Marneuli rayon meriyası və aidiyyatı bütün qurumlardan bir daha istəyirik ki, bu məsələyə ciddi yanaşsınlar. Ölkə qanununa əməl edərək anlayış göstərib xalqın istəklərinə cavab versinlər”, – deyə R. İgidov bildirib.